MƏDƏNİYYƏT
Milli kitabxanada “Yaddaşlarda yaşayan lider” adlı kitab sərgisi açılmışdır
Bakı, 10 may (AZƏRTAC). Mayın 10-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümünə həsr edilmiş “Yaddaşlarda yaşayan lider” adlı kitab sərgisi açılmışdır.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən kitabxananın direktoru Kərim Tahirov müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, xalqımız qarşısındakı misilsiz xidmətlərindən danışmışdır.
Bildirmişdir ki, ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqına göstərdiyi xidmətlər içərisində onun təhsil, elm və mədəniyyətin inkişafına qayğısı xüsusi yer tutur. Buna görə də dahi liderin xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır.
Sərgidə ulu öndərin ikinci dəfə hakimiyyətə gəldiyi vaxtdan bu günədək çap edilmiş 200-dən çox müxtəlif adda kitab nümayiş etdirilir.