SİYASƏT
MİLLİ MƏCLİS AZƏRBAYCAN RESPUBLİKASININ SEÇKİ MƏCƏLLƏSİNƏ ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR ETMİŞDİR
Bakı, 18 iyun (AZƏRTAC). Milli Məclis Azərbaycan Respublikasının Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər etmişdir.
Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov demişdir ki, Yeni Azərbaycan Partiyasının (YAP) Milli Məclisdə təmsil olunan deputatları Azərbaycanın seçki praktikasının daha da təkmilləşdirilməsi, beynəlxalq standartlara uyğunlaşdırma və qabaqcıl dünya təcrübəsinin tətbiq olunması üçün Seçki Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi barədə layihə hazırlayaraq parlamentin rəhbərliyinə təqdim etmişlər. Seçki Məcəlləsinə təklif olunan əlavə və dəyişiklikləri iki hissəyə ayırmaq olar. Birinci hissəyə daxil edilən dəyişiklik seçkilərin elan edilməsi müddətinin azaldılması ilə bağlıdır. Belə ki, təklif olunan variantda seçkilərin elan edilməsi müddəti 75 gündən 60 günə endirilir. Yəni seçkilər (referendum) səsvermə gününə azı 60 gün qalmış elan ediləcəkdir. Dairə seçki komissiyalarının təşkili maddəsinə təklif olunan dəyişikliyə görə DSK-lar seçkilərdən əvvəl yaradıldıqda səsvermə gününə azı 50 gün qalmış təşkil olunmalıdır. Bununla yanaşı, layihədə seçici siyahılarının məntəqə seçki komissiyaları tərəfindən səsverməyə azı 20 gün qalmış dəqiqləşdirilməsi, namizədlərin qeydə alınması üçün sənədlərin seçki komissiyalarına səsvermə gününə azı 30 gün qalmış təqdim edilməsi, seçkiqabağı təşviqatın səsvermə gününə 23 gün qalmış başlayaraq, səsvermənin başlanmasına 24 saat qalanadək dayandırılması və s. nəzərdə tutulmuşdur.
Məcəlləyə təklif olunan əsas dəyişikliklərdən biri də seçkilərin maliyyələşdirilməsi ilə əlaqədardır. Ölkəmizdə seçkilərin keçirilməsi dövlət tərəfindən maliyyələşdirilir. Dairə və məntəqə seçki komissiyaları dövlət tərəfindən saxlanılır. Seçki ilə bağlı bütün xərcləri dövlət çəkdiyi halda əlavə olaraq, namizədlərə vəsait verilməsi düzgün deyildir. 2005-ci ildə əksər adamlar təbliğat üçün veriləcək 200 manatı almaq üçün namizədliklərini irəli sürmüşdülər. Qanuna görə seçkidə 3 faizə qədər səs toplamayan namizədlər ayrılan vəsaiti geri qaytarmalıdırlar. Lakin bu günədək vəsaitin geri qaytarılması baş verməmişdir. Ona görə də namizədlərə təbliğat üçün əlavə vəsait verilməyəcəkdir.
Müzakirələr zamanı çıxış edən deputatlar Seçki Məcəlləsinə təklif olunan əlavə və dəyişikliklərin mahiyyətindən danışmış, bu dəyişikliklərin Azərbaycanın seçki praktikasını daha da təkmilləşdirəcəyini vurğulamışlar.
Sonda qanun layihəsi səs çoxluğu ilə qəbul olunmuşdur.