MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Qonaqları səmimi salamlayan Murtuz Ələsgərov dedi ki, Yunanıstan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. O vaxtdan ölkələrimiz arasında dostluq əlaqələri inkişaf etməyə başlamışdır. Bu işdə müştərək komissiya da mühüm rol oynayır. Yunanıstan Prezidentinin bu səfəri əlaqələrimizin daha da inkişafına öz töhfəsini verəcəkdir. 1993-cü ildə Yunanıstanın ölkəmizdə səfirliyi açılmışdır. Yaxın vaxtlarda Afinada Azərbaycan səfirliyi də fəaliyyətə başlayacaqdır. Ölkələrimizin parlamentləri arasında da dostluq əlaqələri vardır.
Milli Məclisin sədri yunanıstanlı həmkarını Azərbaycana səfərə dəvət etdiyini bildirdi. Sonra o, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin problemin həllində tutduğu ədalətli mövqe barədə ətraflı məlumat verdi.
Yunanıstan Prezidenti Konstantinos Stefanopulos bildirdi ki, Azərbaycana geniş nümayəndə heyəti ilə səfərdən məqsəd ölkələrimiz arasında əlaqələri daha da inkişaf etdirməkdir. Yunanıstan Avropa Birliyinin, Avropa Şurasının, eləcə də, digər beynəlxalq təşkilatların üzvüdür və Avropaya inteqrasiya edən ölkələrlə əlaqələri inkişaf etdirməyə, onların Avropa Birliyinə daxil olmalarına yardım göstərməyə çalışır. Hazırda Bolqarıstan, Rumıniya, eləcə də, Türkiyə Avropa Birliyinə üzv olmaq arzusundadırlar. Biz də bunu istəyirik və onlara kömək edəcəyik.
Ali qonaq daha sonra dedi ki, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumata malikəm. Bu gün Prezident İlham Əliyevlə də bu barədə söhbətimiz oldu. 1995-ci ildə Nyu-Yorkda BMT-nin 50 illiyi ilə bağlı keçirilmiş yubiley mərasimində, sonra isə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Buxarestdə keçirilmiş toplantısında Prezident Heydər Əliyevlə bu barədə geniş söhbətimiz olmuşdur. Heydər Əliyevin necə böyük şəxsiyyət, mahir siyasətçi olması hamıya bəllidir və o, mənə məsələ ilə bağlı dolğun məlumat vermişdir. Dünyadakı bütün problemlərin, eləcə də bu münaqişənin həlli yolları var. Biz bütün münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdarıq.
Sonra Prezident Konstantinos Stefanopulos ümummilli liderimiz Heydər Əliyevin Milli Məclisin binasındakı abidəsi önünə gəldi. Murtuz Ələsgərov xalqımızın görkəmli oğlunun 1993-cü ildə hakimiyyətə qayıdışı və parlamentə rəhbərlik etməsi barədə ətraflı məlumat verdi.
Abidə önündə xatirə şəkli çəkildi.