MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Səmimilik şəraitində keçən söhbət zamanı parlamentin sədri dedi ki, ölkəmiz müstəqilliyini yenidən bərpa etdikdən sonra bütün beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Birliyi ilə sıx əməkdaşlıq edir. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş islahatların uğurla həyata keçirilməsi beynəlxalq qurumların da diqqət mərkəzindədir.
Tərəfdaşlıq və əməkdaşlığa dair 1996-cı ildə Avropa Birliyi ilə Azərbaycan arasında imzalanmış saziş münasibətlərimizin daha da inkişaf etdirilməsində mühüm rol oynamışdır. Milli Məclis də Avropa Parlamenti ilə sıx əməkdaşlıq edir. Avropa ölkələrindən Azərbaycana səfər edən nümayəndələr respublikamızdakı quruculuq işlərini və inkişafı yüksək qiymətləndirirlər.
Regiondakı münaqişələrin təkcə Azərbaycan üçün deyil, bütövlükdə Qafqazda təhlükə mənbəyi olduğunu vurğulayan Murtuz Ələsgərov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri, ölkəmiz üçün ağır nəticələri, problemin həllində Azərbaycanın ədalətli mövqeyi, BMT Təhlükəsizlik Şurasının, ATƏT-in, Avropa Şurasının və digər beynəlxalq qurumların münaqişə ilə bağlı qəbul etdikləri qətnamə və sənədlər barədə ətraflı məlumat verdi.
Yaneş Potoşnik bildirdi ki, Avropa Birliyinin bu yaxınlardakı genişlənməsindən sonra qurum bir sıra yeni layihələr hazırlamışdır. Bunlar Türkiyəni, Cənubi Qafqazı, o cümlədən Azərbaycanı əhatə edir. Yeni qonşuluq siyasətinə rəsmi Bakının da dəstək verməsini AB yüksək qiymətləndirir. Azərbaycanın böyük potensialı var, amma bəzi yeni layihələrə də ehtiyac duyulur. Ona görə də ölkənizlə bağlı xüsusi proqramlarımız vardır. Bu sənədlərdə Azərbaycanda bazar iqtisadiyyatının, demokratiyanın inkişafı, kommunikasiyalar, sərhəd problemləri və infrastrukturun yenidən qurulması və təkmilləşdirilməsi məsələləri öz əksini tapmışdır.
Cənab Potoçnik vurğuladı ki, Avropa Birliyi Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə tərəfdardır. Münaqişə öz ədalətli həllini tapdıqdan sonra işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında Avropa Birliyi fəal rol oynayacaqdır.
Görüşdə parlament sədrinin müavini Ziyafət Əsgərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, deputatlar, Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Heyki Talvitiye və digər şəxslər iştirak edirdilər.