MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Ali qonağı parlamentin binası önündə Milli Məclisin sədri Murtuz Ələsgərov, sədrin birinci müavini Arif Rəhimzadə və digər rəsmi şəxslər qarşıladılar.
Prezident Məhəmməd Xatəmi və İran nümayəndə heyətinin üzvləri parlamentin muzeyi, buradakı Heydər Əliyev guşəsi ilə tanış oldular.
Sonra Murtuz Ələsgərov ilə seyid Məhəmməd Xatəmi arasında görüş keçirildi.
Ali qonağı və onu müşayiət edən şəxsləri səmimi salamlayan Murtuz Ələsgərov dedi ki, Azərbaycanla İran arasında mövcud olan dostluq əlaqələrinin qədim tarixi vardır. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr daha intensiv inkişaf etməyə başlamışdır.
Münasibətlərimizin bugünkü yüksək səviyyəyə çatmasında dövlət başçılarının rolunu xüsusi vurğulayan Milli Məclisin sədri bildirdi ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin İrana, İranın sabiq Prezidenti Haşimi Rəfsəncaninin Azərbaycana rəsmi səfərləri zamanı imzalanmış çoxsaylı sənədlər əlaqələrimizin inkişafı üçün möhkəm hüquqi baza yaratmışdır. Cənab Məhəmməd Xatəminin indiki səfəri və onun gedişində imzalanmış yeni sənədlər əməkdaşlığımızın daha da genişlənməsinə təkan verəcəkdir.
Sonra Milli Məclisin sədri parlamentlərarası əlaqələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qonaqlara ətraflı məlumat verdi. Murtuz Ələsgərov problemin uzun illərdir öz həllini tapmadığını bildirdi və bu məsələ ilə məşğul olan ATƏT-in Minsk qrupunun zəif fəaliyyətindən narazılığını ifadə etdi. O dedi ki, bütün bunlara baxmayaraq, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə tərəfdardır. Amma xalq öz torpağının bir qarışını da güzəştə getməyəcək və sülh danışıqları bir nəticə verməsə, digər vasitələrlə torpaqlarını işğaldan azad edəcəkdir.
Milli Məclisin sədri münaqişə ilə bağlı İslam Konfransı Təşkilatının toplantılarında Azərbaycanın ədalətli mövqeyini müdafiə etdiyinə görə İran Prezidentinə və xalqına minnətdarlığını bildirdi.
İran İslam Respublikasının Prezidenti Məhəmməd Xatəmi vurğuladı ki, onun ölkəsi Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ən ağır və çətin vaxtlarda İran həmişə Azərbaycanın yanında olmuşdur. İranın xarici siyasətinin əsas prinsiplərindən biri region dövlətləri ilə əməkdaşlıqdır və biz əlaqələrimizin inkişafı üçün bütün səylərimizi davam etdiririk. Cənab Xatəmi dedi ki, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşlərimizdə əvvəllər imzalanmış sənədləri bir daha nəzərdən keçirdik və yeni müqavilələr imzaladıq. Ümidvaram ki, bu sənədlər münasibətlərimizin inkişafını, hüquqi bazanın möhkəmlənməsini təmin edəcəkdir. İran Azərbaycanda sabitliyin, sülhün bərqərar olmasından məmnundur. Ona görə ki, bu, həm də İranın sabitliyidir. Ümid edirik ki, Dağlıq Qarabağ münaqişəsi də yaxın vaxtlarda öz həllini tapacaqdır və daimi sülhə nail olunacaqdır. Eləcə də Xəzərin hüquqi statusunun müəyyən olunmasında razılıq əldə edə biləcəyik. İranda Xəzər dənizi ilə bağlı Konvensiya imzalanmışdır. Yaxın vaxtlarda İran parlamenti həmin sənədi təsdiq edəcəkdir. Biz ümid edirik ki, bu Konvensiya Xəzər dənizinin ekologiyasının, hövzə ölkələri xalqlarının sağlamlığının qorunmasında mühüm rol oynayacaqdır.
Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə, müavin Gövhər Baxşəliyeva və digər rəsmi şəxslər görüşdə iştirak edirdilər.
Görüşdən sonra xatirə şəkli çəkdirildi.
Prezident Məhəmməd Xatəmi və onu müşayiət edən şəxslər ümummilli liderimiz Heydər Əliyevin parlamentdəki abidəsini ziyarət etdilər. Milli Məclisin sədri və İran Prezidenti abidənin önündə xatirə şəkli çəkdirdilər.