MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Qonaqları səmimi salamlayan Arif Rəhimzadə ölkələrimiz arasında mövcud olan qədim dostluq əlaqələrindən, Azərbaycan müstəqillik əldə etdikdən sonra münasibətlərimizin daha da inkişaf etməsindən danışaraq demişdir ki, Pakistan və Azərbaycanın dövlət başçılarının qarşılıqlı səfərləri zamanı imzalanmış sənədlər bir çox sahələrdə əməkdaşlığımızın inkişafı üçün əlverişli şərait yaratmışdır. 2004-cü ilin iyul ayında Pakistan Prezidenti Pərviz Müşərrəfin Bakıya səfəri bu sahədə yeni perspektivlər açmışdır. Ölkələrimizin parlamentləri arasında da möhkəm dostluq əlaqələri vardır. Deputatlarımızın beynəlxalq tədbirlərdə eyni mövqedən çıxış etmələri uğurlu əməkdaşlıqdan xəbər verir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, problemin həlli ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri və Ermənistanın bu tələbləri yerinə yetirməməsi, Azərbaycanın ədalətli mövqeyi barədə qonaqlara ətraflı məlumat verən Arif Rəhimzadə olkəmizin haqq səsini müdafiə etdiyi üçün Pakistan dövlətinə və onun xalqına dərin minnətdarlığını bildirmişdir.
Səmimi qəbul üçün minnətdarlıq edən Məhəmməd Əziz Xan vurğulamışdır ki, onun ölkəsi Azərbaycanla münasibətlərin inkişafında maraqlıdır. Siyasi sahədə əlaqələrin inkişafı mədəni, iqtisadi, ticarət, eləcə də hərbi sahələrdə əməkdaşlığın genişlənməsinə zəmin yaratmışdır. Pakistan Prezidenti Pərviz Müşərrəfin səfərindən sonra geniş tərkibli nümayəndə heyətinin yenidən Bakıya gəlməsi məhz həmin sahələrdə əlaqələri genişləndirmək məqsədi daşıyır. Pakistan Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır və bu siyasət dəyişməyəcəkdir.
General Məhəmməd Əziz Xan Milli Məclisin sədrinə öz ölkəsinin parlament sədrinin salamlarını və Pakistana səfər barədə dəvətini çatdırmağı xahiş etmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır .
Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Müdafiə Nazirliyinin yüksək rütbəli zabitləri, Pakistanın ölkəmizdəki səfiri Məhəmməd Hafiz və digər rəsmi şəxslər görüşdə iştirak etmişlər.