MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Qonaqları səmimi salamlayan Murtuz Ələsgərov dedi ki, Azərbaycan müstəqilliyini əldə etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Birliyi ilə münasibətlər yaranmışdır. 1996-cı ildə Lüksemburqda Avropa Birliyi ilə Azərbaycan arasında imzalanmış müqavilə əlaqələrimizin yüksələn xətlə inkişafına yol açmışdır. Hazırda Azərbaycan və Avropa Birliyi 25-dən artıq layihənin həyata keçirilməsində əməkdaşlıq edirlər. Parlamentin sədri Romano Prodinin bu səfərinin münasibətlərimizin daha da genişlənməsinə təkan verəcəyinə ümidvar olduğunu söylədi.
Sonra Milli Məclisin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsil səbəbləri və ölkəmiz üçün nəticələri, ATƏT-in Minsk qrupunun fəaliyyəti, Azərbaycanın ədalətli mövqeyi barədə qonaqlara ətraflı məlumat verdi. Murtuz Ələsgərov dedi ki, Avropa Birliyi Cənubi Qafqazda sülhün bərqərar olmasını istəyirsə, təcavüzkarla təcavüzə məruz qalana fərq qoymalıdır.
Səmimi qəbul və ətraflı məlumat üçün minnətdarlıq edən cənab Romano Prodi bildirdi ki, Cənubi Qafqaza səfərindən məqsəd Avropanın yeni qonşuluq siyasəti barədə fikir mübadiləsi aparmaq və bölgə dövlətlərinin inkişafına yardım etməkdir. Avropa Birliyi bütün dövlətlərə eyni münasibət bəsləyir və heç bir ayrı-seçkilik, yaxud ikili standart yoxdur. Avropa Komissiyası, eləcə də bütövlükdə Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır. Ümid edirik ki, tərəflər bu münaqişənin həlli ilə bağlı razılığa gələcəklər, bundan sonra isə Avropa Birliyi tərəflərə reabilitasiya üçün hər cür yardım göstərəcəkdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.