MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Qonaqları salamlayan Ziyafət Əsgərov ölkələrimiz arasında dostluq əlaqələrindən, parlamentlərarası münasibətlərdən və qarşılıqlı səfərlərin əhəmiyyətindən söhbət açdı.
Azərbaycanın iqtisadi inkişafı, mühüm regional layihələrin həyata keçirilməsində ölkəmizin rolundan danışan Z.Əsgərov regiondakı problemlərə də toxundu. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, başvermə səbəbləri, ağır nəticələri, rəsmi Bakının bu məsələdə ədalətli mövqeyi barədə ətraflı məlumat verdi.
Parlamentin vitse-spikeri bəzi ölkələrin, eləcə də Böyük Britaniya parlamentarlarının Ermənistandan keçməklə Azərbaycanın işğal olunmuş ərazilərinə gedərək separatçılarla görüşmələrindən təəssüf hissi duyduğunu və bunun ölkəmizdə birmənalı qarşılanmadığını qonaqların diqqətinə çatdırdı.
Ətraflı məlumata görə minnətdarlıq edən Anqus Robertson Azərbaycana əvvəllər də gəldiyini və bu səfərində ölkəmizdə həyata keçirilən islahatlardan, əldə olunan nailiyyətlərdən məmnun qaldığını vurğuladı. O qeyd etdi ki, Böyük Britaniyanın, eləcə də Avropanın Cənubi Qafqaza, xüsusən də Azərbaycana böyük marağı vardır. Avropa Birliyinin Cənubi Qafqaz ölkələrini özünün “yeni qonşular” siyasətinə cəlb etməsi buna əyani sübutdur.
Böyük Britaniyalı deputatlar Azərbaycanın Avropaya inteqrasiyasına yardım göstərməyə hazır olduqlarını bildirdilər. Onlar bəzi deputatların Azərbaycanın işğal olunmuş ərazilərinə səfərləri ilə bağlı rəsmi Bakının narahatlığını başa düşdüklərini və bunu öz həmkarlarının diqqətinə çatdıracaqlarını bildirdilər.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.