Ölkəmizdə səfərdə olan Ukraynanın Ailə, Uşaqlar və Gənclərlə İş üzrə Nazirliyinin Gənclər Siyasəti Departamentinin direktoru Tatyana Bezulik və onun başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 29-da Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli ilə görüşündə qonaqlara uşaqların, yeniyetmələrin, gənclərin, gənc ailələrin problemləri ilə bağlı respublikamızın ali qanunvericilik orqanında qəbul olunmuş qanunlar barəsində geniş məlumat verildi. Son bir neçə ildə Milli Məclisin qəbul etdiyi 1500-dən çox qanunun 300-nün sosial problemlərlə bağlı olduğu bildirildi. Azərbaycan dövlətinin bu məsələlərlə bağlı bir neçə beynəlxalq konvensiyaya qoşulduğu diqqətə çatdırıldı.
Tatyana Bezulik dedi ki, Azərbaycana səfərdən məqsəd uşaq və gənclərin problemləri istiqamətində görülən işlərlə tanış olmaq, təcrübə mübadiləsi aparmaqdır. Öz ölkəsinin təcrübəsindən danışan qonaq dedi ki, Ukraynada uşaqlara, gənclərə, xüsusən də gənc ailələrə xüsusi diqqət yetirilir. Gənc ailələrə 30 il müddətinə çox aşağı faizlərlə kreditlər verilir. Ailədə uşaq doğulduqda kreditin faizi ləğv olunur, üç uşaqdan sonra isə kredit dövlət hesabına ödənilir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.