MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Fevralın 7-də Türkiyə Böyük Millət Məclisinin sədri Bülənt Arınç və onu müşayiət edən nümayəndə heyəti Milli Məclisə gəlmişdir.
AZƏRTAC xəbər verir ki, qonağı parlamentin binası qarşısında Milli Məclisin sədri Murtuz Ələsgərov, sədrin birinci müavini Arif Rəhimzadə, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər qarşıladılar.
Azərbaycan və Türkiyə parlament başçılarının təkbətək görüşü oldu.
Bülənt Arınç və onu müşayiət edən qonaqlar Milli Məclisin muzeyi ilə tanış oldular.
Sonra geniş tərkibdə görüş keçirildi. Murtuz Ələsgərov qonaqları bir daha səmimi salamladıqdan sonra dəvətini qəbul edib Azərbaycana gəldiyi üçün Bülənt Arınça təşəkkürünü bildirdi, səfərin uğurlu keçməsini arzuladı və dedi ki, Azərbaycan ilə Türkiyə arasında ələqələr eyni tarixi, mədəni, dini, mənəvi köklərə əsaslanaraq dostluq, qardaşlıq prinsipləri əsasında inkişaf edir. Azərbaycan müstəqillik qazandıqdan sonra bu dostluq və qardaşlığımızın möhkəmlənməsində ümummilli liderimiz Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Ulu öndərimiz müəllifi olduğu “bir millət, iki dövlət” tezisinə hər zaman sadiq qalmışdır. Azərbaycan Prezidenti İlham Əliyev ümummilli liderimizin siyasi kursunu uğurla davam etdirir. 1994-cü ildən başlayaraq müntəzəm xarakter alan qarşılıqlı səfərlərimiz əlaqələrimizin yüksək zirvəyə qalxmasına səbəb olmuşdur. Prezident İlham Əliyevin Türkiyəyə ilk səfəri zamanı imzalanmış sazişlər uzunmüddətli əməkdaşlığımızın əsasını qoymuş, hüquqi bazasını yaratmışdır. Bunun nəticəsidir ki, iqtisadi əlaqələrimiz sürətlə inkişaf edir. Mindən çox türk iş adamı Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrinə sərmayə qoyub. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz boru kəmərləri layihələrinin gerçəkləşməsi Azərbaycanın və Türkiyənin inkişafında, eləcə də regionda sabitliyin yaranmasında mühüm rol oynayacaqdır.
Parlamentlərarası əlaqələrimiz də durmadan inkişaf edir. Qanunverici orqanlarımızın nümayəndə heyətləri beynəlxalq təşkilatlarda sıx əməkdaşlıq edirlər. Avropa Şurası Parlament Assambleyası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qərarda Ermənistanı bir daha işğalçı dövlət, Dağlıq Qarabağdakı rejimi isə separatçı adlandırdı. Sənədin müzakirəsində və təsdiqində türkiyəli deputatlar mühüm rol oynamışlar.
Murtuz Ələsgərov münaqişə ilə bağlı qonaqlara ətraflı məlumat verdi, qardaş Türkiyə dövlətinə və xalqına Azərbaycanın ədalətli mövqeyini müdafiə etdiyinə görə minnətdarlığını bildirdi.
Milli Məclisin sədri, ötən ilin sonlarında Fransaya səfərini xatırlatdı və dedi ki, Cənubi Qafqaz parlament sədrlərinin görüşündə ermənilərin qaldırdıqları qondarma soyqırımı məsələsinə münasibət bildirmiş, 1915-ci ildə ermənilərə qarşı soyqırımının olmadığını, əsil soyqırımının ermənilərin 1992-ci il fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı törətdiklərini diqqətə çatdırmışdır. O, Türkiyə parlamentinin Xocalı soyqırımına münasibət bildirəcəyinə ümidvar olduğunu söyləmişdir.
Səmimi qəbula, ətraflı məlumata görə minnətdarlıq edən Bülənt Arınç, dost və qardaş ölkədə olduğundan sevinc duyduğunu bildirdi, Türkiyə-Azərbaycan münasibətlərinin səviyyəsindən razılığını ifadə etdi. O, ölkələrimiz arasında münasibətlərin inkişafında və möhkəmlənməsində türk dünyasının böyük oğlu Heydər Əliyevin müstəsna xidmətlərini diqqətə çatdırdı, Prezident İlham Əliyevin Türkiyəyə səfərini məmnunluqla xatırladı, dövlətimizin başçısının TBMM-dəki nitqinin onun qəlbində dərin iz buraxdığını vurğuladı.
Qonaq parlamentlərarası əlaqələrdən də razılığını bildirərək dedi ki, aprelin 23-də Türkiyə Böyük Millət Məclisinin yaranmasının 85 illik yubileyi keçiriləcək və Azərbaycan parlament nümayəndə heyətini də bu tədbirlərdə görmək arzusundadır. Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində hər zaman Azərbaycanın mövqeyini müdafiə edib və bu siyasət dəyişməyəcək.
Bülənt Arınç fevralın 26-da TBMM-də Xocalı soyqırımı ilə əlaqədar müzakirələr açılacağını bildirdi.
Ölkələrimizin iqtisadi əlaqələrinin inkişafından danışan Bülənt Arınç, Azərbaycanda türk iş adamlarına yaradılmış şəraiti yüksək qiymətləndirdi. Qeyd etdi ki, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri Azərbaycanın iqtisadi qüdrətini daha da artıracaq, Avropaya inteqrasiyasında mühüm rol oynayacaq, qardaş respublikanı regionda ən nüfuzlu dövlətə çevirəcəkdir.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Daha sonra qonaqlar xatirə şəkli çəkdirmiş, Milli Məclisin iclas zalına baxmış, parlamentin foyesində ümummilli liderimiz Heydər Əliyevin büstünü ziyarət etmişlər.