MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
AZƏRTAC xəbər verir ki, oktyabrın 3-də Latviya Respublikasının Prezidenti Vayra Vike-Freyberqa Milli Məclisə gəlmişdir.
Ali qonağı parlamentin binası önündə Milli Məclisin sədri Murtuz Ələsgərov, parlament sədrinin müavinləri, deputatlar qarşıladılar.
Latviya Respublikasının Prezidenti və nümayəndə heyəti Milli Məclisin muzeyi ilə tanış oldular.
Sonra Milli Məclisin sədri Murtuz Ələsgərovun və Latviya Prezidenti Vayra Vike-Freyberqanın görüşü keçirildi.
Murtuz Ələsgərov ali qonağı bir daha salamlayaraq dedi ki, Latviya ilə Azərbaycan arasında dostluq əlaqələri mövcuddur. Azərbaycan Latviya ilə münasibətlərin inkişafında maraqlıdır və Baltikyanı ölkələrdə ilk səfirliyimizin Riqada açılması bunun parlaq nümunəsidir. Azərbaycan Prezidenti və hökuməti qarşılıqlı əlaqələrin inkişafını daim diqqət mərkəzində saxlayır. Parlamentlərarası əlaqələrimiz də bundan bəhrələnərək yüksələn xətt üzrə inkişaf edir. Deputatlarımız Avropa Şurasında, ATƏT-də, Avropa İttifaqında və NATO Parlament Assambleyasında fəal əməkdaşlıq edirlər. Milli Məclisdə Latviya parlamenti ilə dostluq qrupu da yaradılmışdır. Parlamentlərimizin deputatlarının qarşılıqlı səfərləri münasibətlərimizin dərinləşməsində əhəmiyyətli rol oynayır. Sizin bu səfəriniz ölkələrimiz arasında əlaqələrin daha yüksək səviyyəyə çatmasını təsdiq edir.
Azərbaycanın parlament seçkilərinə hazırlaşdığını bildirən Milli Məclisin sədri dedi ki, seçkilərin tam şəffaf, azad və demokratik şəkildə keçirilməsi üçün hər cür şərait yaradılır. Seçkiləri izləmək üçün beynəlxalq təşkilatların, dünya ölkələri parlamentlərinin nümayəndələri Azərbaycana gələcəklər. Dünyada, eləcə də Cənubi Qafqazda sülhün və təhlükəsizliyin tərəfdarı olan Azərbaycan üçün bu seçkilərin demokratikliyi olduqca vacibdir.
Azərbaycan iqtisadi cəhətdən də sürətlə inkişaf etdiyini vurğulayan Murtuz Ələsgərov bildirdi ki, bir çox ölkələrin nüfuzlu şirkətləri respublikamızda həyata keçirilən irimiqyaslı layihələrə sərmayə qoyurlar. Bu isə ölkəmizin siyasi və iqtisadi cəhətdən etibarlı tərəfdaş olduğunu sübut edir. Amma bu inkişafla yanaşı, problemlərimiz də vardır. Ölkəmizin və xalqımızın ən ağrılı problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir və biz onun beynəlxalq hüquq normalarına uyğun həllini tələb edirik.
Latviya Prezidenti Vayra Vike-Freyberqa dedi ki, Azərbaycan və Latviya uzun illər totalitar rejimdə yaşamışlar. Müstəqillik əldə etdikdən sonra əldə olunan uğurlar onu göstərir ki, hər iki ölkə demokratik dövlət qurmağa, azad yaşamağa qadirdir.
Biz bu gün Azərbaycanın ümummilli lideri Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət edib, əklillər qoyduq. Bu gün keçirdiyim görüşlərdə Azərbaycanın müxtəlif sahələrdə xeyli tərəqqi əldə edilməsi barədə məlumat aldım, demokratiya yolunda əsaslı irəliləyiş vardır. Ümidvaram ki, səfər zamanı keçirilən görüşlər, imzalanan sənədlər əlaqələrimizin daha da möhkəmlənməsinə müsbət təsir göstərəcəkdir.
Xanım Vike-Freyberqa bildirdi ki, Azərbaycana Latviyanın səfirini təyin etmişdir. O, hələlik Riqada oturacaq, amma 2006-cı ilin əvvəllərində Bakıya gələcəkdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan ali qonaq dedi ki, Avropa İttifaqındakı digər tərəfdaşları kimi, Latviya Respublikası da hər bir suveren dövlətin ərazi bütövlüyünü dəstəkləyir. Biz israrla deyirik ki, dövlətlər arasında mövcud olan münaqişələr sülh yolu ilə öz həllini tapmalıdır. Bu işdə beynəlxalq təşkilatların dəstəyi də vacibdir.
Latviya Prezidenti hazırda müxtəlif siyasi partiyaların təmsil olunduğu Milli Məclisə qarşıdan gələn seçkilərin azad, ədalətli, demokratik şəraitdə keçirilməsi üçün ölkə rəhbərliyinin göstərdiyi səylərin müsbət nəticə verəcəyinə ümid etdiyini bildirdi.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.