MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
Sonra Türkiyə Prezidenti ilə görüş keçirildi. Parlamentin sədri Oqtay Əsədov Azərbaycan-Türkiyə münasibətlərinin inkişafından danışdı, əlaqələrimizin bugünkü səviyyəsindən məmnunluğunu söylədi. O bildirdi ki, dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar və imzalanan sənədlər Azərbaycan-Türkiyə əməkdaşlığının inkişafı üçün möhkəm zəmin yaratmışdır. Oxşar tarixi, milli və dini köklərə malik xalqlarımız həmişə bir-birinin uğuruna sevinib, dərdinə şərik olublar. Zaman ümummilli liderimiz Heydər Əliyevin “bir millət, iki dövlət” kəlamının müdrikliyini sübut etmişdir.
Türkiyə Prezidenti Əhməd Necdət Sezər Azərbaycana indiki rəsmi səfərinin də əməkdaşlığımızın inkişafına yeni təkan verəcəyinə ümidvar olduğunu vurğuladı. Qardaş ölkənin başçısı dedi ki, iqtisadi, siyasi, mədəni, humanitar sahələrdə əməkdaşlığımız bundan sonra da yüksələn xətlə davam etdiriləcəkdir. Ölkələrimiz arasındakı dostluq münasibətləri regionda gedən proseslərə də öz müsbət təsirini göstərəcəkdir.
Görüşdə parlamentlərarası əlaqələrin inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.