MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
AZƏRTAC xəbər verir ki, Xorvatiya Respublikasının Prezidenti Stepan Mesiç oktyabrın 2-də Milli Məclisə gəlmişdir.
Parlamentin binası önündə Xorvatiya dövlətinin başçısını Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmi şəxslər qarşıladılar.
Xorvatiyanın Prezidenti əvvəlcə Milli Məclisin iclas salonuna baxdı, parlamentin binasındakı Heydər Əliyev Xatirə muzeyi ilə tanış oldu.
Görüşdə Oqtay Əsədov vurğuladı ki, Azərbaycan Xorvatiya ilə əlaqələrin inkişafında maraqlıdır. Hazırda əlaqələrimiz yüksələn xətt üzrə inkişaf edir və bu sahədə dövlət başçılarının qarşılıqlı səfərləri mühüm rol oynayır. İnanırıq ki, Sizin bu səfəriniz münasibətlərimizin genişlənməsinə təkan verəcəkdir.
O.Əsədov ölkələrimiz arasında əməkdaşlığın inkişafında parlamentlərin rolunu da vurğuladı, Milli Məclisdə Xorvatiya parlamenti ilə dostluq qrupunun fəaliyyət göstərdiyini xatırlatdı, parlamentlərarası əlaqələrin inkişafının və qarşılıqlı təcrübə mübadiləsinin vacibliyini bildirdi.
Milli Məclisin sədri Azərbaycanın regionda həyata keçirilən bir sıra layihələrin təşəbbüsçüsü və iştirakçısı olmasından, həmin layihələrin regional və beynəlxalq baxımdan əhəmiyyətindən söhbət açdı.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri, acı nəticələri barədə məlumat verən O.Əsədov dedi ki, biz problemin beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanaraq, ölkəmizin ərazi bütövlüyü təmin olunmaqla sülh yolu ilə həllinə tərəfdarıq. Milli Məclisin sədri Xorvatiyanın bu məsələdə Azərbaycanın ədalətli mövqeyini dəstəkləyəcəyinə ümidvar olduğunu söylədi.
Prezident Stepan Mesiç Azərbaycana səfərindən məmnun qaldığını bildirdi. Azərbaycan Prezidenti ilə çox səmərəli görüşlər keçirdiyini vurğulayan ali qonaq dedi ki, bu görüşlərdən sonra ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və digər sahələrdə əməkdaşlığın genişlənəcəyinə xüsusi əminlik yaranmışdır.
Bir vaxtlar özünün də parlament sədri olduğunu xatırladan Prezident Stepan Mesiç qarşılıqlı əlaqələrin inkişafında parlamentlərin üzərinə böyük işlər düşdüyünü bildirdi.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycan-Xorvatiya parlamentlərarası dostluq qrupunun üzvləri və digər rəsmi şəxslər iştirak edirdilər.