MİLLİ MƏCLİSDƏ GÖRÜŞ
AZƏRTAC xəbər verir ki, mayın 19-da Milli Məclisin sədri Oqtay Əsədov ölkəmizdə səfərdə olan Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla görüşmüşdür.
Ali qonağı səmimi salamlayan parlamentin sədri müstəqil Azərbaycanın Türkmənistanla əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini vurğuladı. Bildirdi ki, xalqlarımız arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətləri, milli-mənəvi dəyərlərimizin oxşarlığı əlaqələrimizin gələcək inkişaf perspektivlərinə böyük ümidlərlə baxmağa imkan verir.
Oqtay Əsədov xüsusi vurğuladı ki, dövlətlərimizin başçılarının görüşləri zamanı aparılan danışıqlar və imzalanmış sənədlər münasibətlərimizin daha da dərinləşməsi üçün yaxşı zəmin, möhkəm hüquqi baza yaradır. Azərbaycan Prezidenti İlham Əliyev bu sahəni daim diqqət mərkəzində saxlayır.
Siyasi, iqtisadi, mədəni və həyatın digər sahələrində əməkdaşlıq üçün geniş imkanlar olduğunu, hər iki ölkənin neft və qaz hasilatı sahəsində mühüm nailiyyətlər əldə etdiyini xatırladan O.Əsədov bildirdi ki, əlaqələrimizin inkişafında parlamentlərin də rolu böyükdür. Milli Məclisdə Türkmənistanın qanunvericilik orqanı ilə əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu, təcrübə və informasiya mübadiləsi baxımından çox önəmlidir.
O.Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verdi, Azərbaycanın bu problemin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinə tərəfdar olduğunu bildirdi, Türkmənistanın bu məsələdə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini yüksək dəyərləndirdi.
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov səfər zamanı Azərbaycanda keçirdiyi görüşlərin əhəmiyyətini vurğuladı, bu səfərin iki ölkə arasında münasibətlərə yeni təkan verəcəyinə ümidvar olduğunu bildirdi.
Ali qonaq hakimiyyətin mühüm qollarından biri kimi parlamentlərin dövlətlərarası münasibətlərdə rolunu yüksək qiymətləndirdi. O dedi ki, Türkmənistan dost və qardaş Azərbaycanla əməkdaşlığa böyük maraq göstərir. Səfər zamanı aparılan danışıqlar əlaqələrimizin bundan sonra daha sürətlə inkişaf edəcəyindən xəbər verir. Bunun üçün müxtəlif sahələrdə potensial imkanlar vardır.
Söhbət zamanı tərəfləri maraqlandıran məsələlər barədə fikir mübadiləsi aparıldı.
######
