CƏMİYYƏT
Milli Məclisdə “Hərbi vəziyyət haqqında” yeni qanun layihəsi müzakirə edilib [YENİLƏNİB]
Bakı, 16 dekabr, Əsəd Məmmədov, AZƏRTAC
Dekabrın 16-da Milli Məclisin plenar iclasında “Hərbi vəziyyət haqqında” yeni qanun layihəsi birinci oxunuşda müzakirə edilib.
AZƏRTAC xəbər verir ki, 5 fəsil, 27 maddədən ibarət qanun layihəsi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 8-ci bəndinə uyğun olaraq Azərbaycanın bütün ərazisində və ya ayrı-ayrı yerlərində hərbi vəziyyətin elan və ləğv edilməsi, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılması, hərbi vəziyyət rejiminin təmin edilməsi qaydasını, cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini, hərbi vəziyyət şəraitində fiziki və hüquqi şəxslərin hüquqlarının təminatını müəyyən edir.
Qanun layihəsi barədə Milli Məclis sədrinin birinci müavini, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov məlumat verib. Bildirilib ki, hazırda qüvvədə olan 17 maddədən ibarət qanun 1994-cü ildə hazırlanıb. Bu gün bu qanun müvəffəqiyyətlə işləyir. Ancaq nəzərə almaq lazımdır ki, 1995-ci ildə biz ilk milli Konstitusiyamızı qəbul etmişik. Konstitusiyamızda da Azərbaycan Silahlı Qüvvələrinin statusu ilə bağlı xüsusi maddələr öz əksini tapıb. Eyni zamanda, hərbi doktrinanı, milli konsepsiyamızı, “Milli təhlükəsizlik haqqında” Qanunu qəbul etmişik. Bu kimi hərbi qanunların qəbulu və ya edilən dəyişikliklər, ümumiyyətlə, bugünkü vəziyyət yeni qanun layihəsinin hazırlanmasını tələb edirdi.
Yeni qanun layihəsi hazırlanarkən Azərbaycan Respublikasının Konstitusiyası, hərbi qanunvericilikdə mövcud olan bütün dəyişikliklər nəzərə alınıb.
Komitə sədri, həmçinin bildirib ki, Ermənistanın cəbhə xəttində təxribatlarının davam etməsi, yaranan gərginliklə paralel olaraq Azərbaycanın informasiya məkanında dezinformasiyalar yayılır. Bir sıra hallarda özündə hərbi sirr daşıyan məlumatların yayılması, düşmən diversantlarının cəbhə xəttini keçmək cəhdləri ölkənin informasiya məkanında və cəbhədə təhlükəsizliyin gücləndirilməsinin zəruri olduğunu göstərir. Bu baxımdan Prezident İlham Əliyevin təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında imzaladığı sərəncam milli təhlükəsizlik maraqlarına xidmət edir.
Qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.