CƏMİYYƏT
Milli Məclisdə ölkəmizdə inklüziv təhsilin tətbiqi ilə bağlı görülən işlərdən danışılıb
Bakı, 10 may, AZƏRTAC
Mayın 10-da Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclası açan Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev gündəliyə “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi və “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” və “Təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə üçüncü oxunuşda iki qanun layihəsi daxil edildiyini diqqətə çatdırıb.
Gündəliyin müzakirəsinə keçməzdən əvvəl komitə sədri ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünün bu gün xalqımız tərəfindən dərin hörmət və ehtiramla anılmasından söz açıb. B.Əliyev bütün həyatını Azərbaycanın müstəqilliyinə, ərazi bütövlüyünün bərpasına, xalqının rifahı və xoşbəxtliyinə həsr edən Ulu Öndərin işıqlı xatirəsinin bu gün azad Şuşada və digər azad olunmuş torpaqlarımızda da qeyd olunmasının qürurunu və sevincini yaşadığımızı vurğulayıb. Bildirilib ki, ulu öndər Qarabağın işğaldan azad edilməsinin zəruri əsaslarını yaratsa da, bu arzusunu gerçəkləşdirmək ona nəsib olmadı.
Lakin Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımız 44 günlük Vətən müharibəsində düşmən işğalından azad edilməklə dahi rəhbərin bu böyük arzusu da gerçəkləşib. Bu gün Ulu Öndərin də, torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin də ruhunun şad olduğunu bildirən komitə sədri Prezident İlham Əliyevin Azərbaycanı Ulu Öndərin müqəddəs amalları ətrafında sıx birləşdirərək yeni-yeni zirvələrə doğru daşıdığını vurğulayıb.
Sonra gündəlikdəki məsələləri təqdim edən B.Əliyev qanun layihələri və onların birinci və ikinci oxunuşları barədə məlumat verib. Komitə sədri deputatların qanun layihələrini dəstəklədiklərini qeyd edərək, sənədlərlə bağlı aparılan müzakirələrdə deputatlar tərəfindən qaldırılan məsələlərə aydınlıq gətirib.
O, sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb edilməsi ilə bağlı görülən tədbirlərdən, yerinə yetirilən dövlət proqramlarından söz açıb. Komitə sədri ölkəmizdə inklüziv təhsilin tətbiqi ilə bağlı təşəbbüsləri, xüsusən də Heydər Əliyev Fondu tərəfindən digər layihələrlə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların təhsil hüququnun təmini ilə bağlı həyata keçirilən layihələri diqqətə çatdırıb.
Komitə sədri bildirib ki, bütövlükdə təklif edilən dəyişikliklərin əsas məqsədi, sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu digər şəxslərlə bərabər səviyyədə təmin etməkdən və onların təhsili üçün maneəsiz mühitin dövlət təminatlarını yaratmaqdan ibarətdir.
Qanun layihələrinin müzakirəsində Elm və təhsil komitəsinin üzvləri İsa Həbibbəyli, Ceyhun Məmmədov, Etibar Əliyev, Tamam Cəfərova çıxış ediblər.
Deputatlar ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla anaraq, dahi şəxsiyyətin elm və təhsilə göstərdiyi böyük diqqət və qayğısından danışıblar. Vurğulanıb ki, dahi rəhbərin xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaq.
Qanun layihələri ilə bağlı müsbət rəylərini açıqlayan deputatlar təhsil sahəsinin bir sıra aktual məsələləri ilə bağlı fikirlərini səsləndiriblər.
Müzakirələrin sonunda deputatlar hər iki qanun layihəsini üçüncü oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
İclasda Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri Ülviyyə Ağayeva, Afət Həsənova, Müşfiq Məmmədli, Fatma Yıldırım və digər rəsmi şəxslər iştirak ediblər.