MİLLİ MƏCLİSDƏ QƏBUL
Milli Məclisin sədri ölkələrimiz arasında mövcud olan münasibətlərdən danışmış və səfirin bu işdə fəaliyyətini yüksək qiymətləndirmişdir. Parlamentin rəhbəri demişdir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin səyi ilə əlaqələrimizin inkişafında yeni səhifə açılmışdır.
Sonra Milli Məclisin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermiş və Almaniyanın bu məsələdə tutduğu mövqeyi yüksək qiymətləndirmişdir. O demişdir ki, Almaniya Azərbaycanın ərazi bütövlüyünü tanıdığını və münaqişənin məhz ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdar olduğunu dəfələrlə bəyan etmişdir. Prezident İlham Əliyevin cari ilin avqust ayında Almaniyaya rəsmi səfəri zamanı bu bir daha öz təsdiqini tapmışdır.
Murtuz Ələsgərov Prezident İlham Əliyevin Almaniyaya səfəri zamanı aparılan danışıqların, imzalanmış sənədlərin ölkələrimiz arasında yeni səhifə açdığını xüsusi vurğulamışdır. Milli Məclisin sədri daha sonra parlamentlərarası əlaqələrdən, alman iş adamlarının Azərbaycan iqtisadiyyatına sərmayə qoyduqlarından razılıqla danışmış, səfirə bundan sonrakı fəaliyyətində uğurlar arzulamış, Almaniyanın ölkəmizə yeni təyin olunacaq səfirinin də məhsuldar işləyəcəyinə ümidvar olduğunu bildirmişdir.
Səfir Klaus Qrevlix ölkələrimiz arasındakı əlaqələrin inkişafında ümummilli liderimiz Heydər Əliyevin əvəzsiz xidmətləri olduğunu qeyd etmişdir. O demişdir ki, Prezident İlham Əliyevin Almaniyaya səfəri bir daha sübut etdi ki, ölkələrimiz arasındakı əlaqələr bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəkdir.
Sonra səfir ona ölkəmizdəki diplomatik fəaliyyəti dövründə göstərilən köməyə, əməkdaşlığa görə Azərbaycan dövlətinə, hökumətinə və xalqına minnətdarlığını bildirmişdir.
Görüşdə, həmçinin, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.