MİLLİ MƏCLİSDƏ QƏBUL
Parlamentin rəhbəri demişdir ki, Azərbaycan 1992-ci ildən ATƏT-in üzvüdür və həmin dövrdən də təşkilatla sıx əməkdaşlıq edir. Ölkəmizdə həyata keçirilən hüquqi və iqtisadi islahatlar, Avropaya inteqrasiya etməyimiz ATƏT və digər beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Amma bəzi problemlər, xüsusən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi inkişafımıza ciddi əngəl törədir. Murtuz Ələsgərov münaqişənin səbəbləri və nəticələri, Dağlıq Qarabağın terror yuvasına və nəzarətsiz zonaya çevrilməsi, ermənilərin əsrlər boyu Azərbaycan torpaqlarına sahib çıxmaq cəhdləri, erməni terrorçularının ölkəmizdə törətdikləri faciələr barədə qonağa ətraflı məlumat verdi. O qeyd etdi ki, ATƏT və digər beynəlxalq təşkilatların təcavüzkarla təcavüzə məruz qalana eyni cür yanaşması məsələni bir qədər də qəlizləşdirir. Təcavüzkara qarşı sərt tədbirlər görülməlidir. Azərbaycan bu problemin beynəlxalq hüquq normaları çərçivəsində, sülh yolu ilə həllinə tərəfdardır. Əgər danışıqlar bir nəticə verməsə, xalqımız torpaqlarımızı başqa vasitələrlə azad etməli olacaqdır. Azərbaycanın ərazi bütövlüyü təmin edilməlidir. Bundan sonra ermənilərə yüksək status verilə bilər. ATƏT və digər təşkilatlar münaqişənin həlli istiqamətində öz qəti sözlərini deməlidirlər. Səmimi qəbul üçün minnətdarlıq edən Filipp Dimitrov dedi ki, Azərbaycanda həyata keçirilən islahatlar, Avropaya inteqrasiya ATƏT tərəfindən yüksək qiymətləndirilir. Təşkilatda regiondakı vəziyyətin ağırlığı və ciddiliyi də başa düşülür. ATƏT-in rəhbərliyi problemin həllinin uzanmasından ciddi narahatdır. Qurumun fəaliyyətdə olan sədri hesab edir ki, münaqişə yalnız sülh yolu ilə həll olunmalıdır. Müharibənin necə ağır nəticələr verdiyi hamıya bəllidir. Ümid edirik ki, danışıqlar prosesinin yenidən canlanması öz bəhrəsini verəcəkdir.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.