MİLLİ MƏCLİSDƏ QƏBUL
Murtuz Ələsgərov demişdir ki, ölkələrimiz arasında mövcud olan dostluq əlaqələri Azərbaycan müstəqillik əldə etdikdən sonra daha geniş vüsət almışdır və bu işdə dövlətlərimizin başçılarının xüsusi rolu olmuşdur. Ümummilli liderimiz Heydər Əliyevin 2000-ci ildə Avstriyaya rəsmi səfəri zamanı imzalanan çoxsaylı müqavilələr və digər sənədlər əlaqələrimizin inkişafı üçün hüquqi baza yaratmışdır. Bu gün parlamentlərarası münasibətlərimiz də istənilən səviyyədədir. Bu işdə də qarşılıqlı səfərlər öz faydasını vermişdir. Ümid edirik ki, Avropanın inkişaf etmiş ölkələrindən biri olan Avstriyanın baş prokurorunun ölkəmizə səfəri hüquq mühafizə orqanları arasında, eləcə də digər sahələrdə əlaqələrin genişlənməsinə müsbət təsir edəcəkdir.
Sonra parlamentin rəhbəri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi, acı nəticələri barədə ətraflı məlumat verdi və qeyd etdi ki, problemin həlli ilə bilavasitə məşğul olan ATƏT-in Minsk qrupunun, eləcə də digər beynəlxalq təşkilatların məsələyə ikili standartlardan yanaşmaları münaqişənin çözülməsini ləngidir. Bütün bunlara baxmayaraq Azərbaycan problemin sülh yolu ilə, beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdardır. Amma biz bir qarış da olsa torpağımızı güzəştə getməyəcəyik, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Ümid edirik ki, Avstriya hər zaman olduğu kimi, yenə də Azərbaycanın ədalətli mövqeyini müdafiə edəcəkdir.
Səmimi qəbul və ətraflı məlumat üçün minnətdarlıq edən Valter Preslauyer demişdir ki, Bakıya səfəri çərçivəsində azərbaycanlı həmkarı ilə çox mühüm bir müqavilə imzalamışdır. Bu sənəd təkcə hüquq mühafizə orqanları arasında deyil, digər sahələrdə də münasibətlərin inkişafına müsbət təsir göstərəcəkdir. Dağlıq Qarabağ münaqişəsinə gəldikdə isə Avstriya bu məsələnin sülh və danışıqlar yolu ilə həllinə tərəfdardır. Avstriya hökuməti dəfələrlə dövlətlərin ərazi bütövlüyünün toxunulmazlığına tərəfdar olduğunu bəyan etmişdir və bu siyasət dəyişməz olaraq qalır.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.