MİLLİ MƏCLİSDƏ QƏBUL
Qonağı səmimi salamlayan və təyinatı ilə əlaqədar təbrik edən Murtuz Ələsgərov Azərbaycanla İran arasında mehriban dostluq əlaqələrinin olduğunu xatırlatdı, ikitərəfli münasibətlərin inkişafında xalqımızın ümummilli lideri Heydər Əliyevin xidmətlərini xüsusi vurğuladı. O, dövlət başçılarının qarşılıqlı səfərləri zamanı imzalanmış çoxsaylı sənədlər əlaqələrimizin hərtərəfli inkişafına zəmin yaratdığını, parlamentlərarası əlaqələrin inkişafında müəyyən irəliləyişin olduğunu vurğuladı.
Sonra parlamentin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı məlumat verdi. O, xüsusi vurğuladı ki, Azərbaycan bu münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, sülh yolu ilə həllinə tərəfdardır. Bununla belə, Azərbaycan öz torpaqlarının bir qarışını da güzəştə getməyəcək və ərazi bütövlüyünü bərpa edəcəkdir. Milli Məclisin sədri bu məsələdə İranın mövqeyinin dəyişməyəcəyinə, ölkələrimiz arasında əlaqələrin inkişafında səfirin səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirdi.
Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlıq edən Əfşar Süleymani Müstəqillik günü münasibətilə Azərbaycan xalqını təbrik etdi, ümummilli liderimiz Heydər Əliyevlə, eləcə də Murtuz Ələsgərovla keçirdiyi görüşləri xatırlatdı. Diplomat ölkəsinin Azərbaycanla əlaqələrin inkişafına xüsusi maraq göstərdiyini və Bakıda fəaliyyəti dövründə münasibətlərimizin daha da möhkəmlənməsinə xidmət edəcəyini bildirdi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminə toxunan səfir dedi ki, İran İslam Respublikasının prezidenti Məhəmməd Xatəmi bu yaxınlarda Bakıda olarkən münaqişə ilə bağlı mövqeyini bilidirmişdir. Bu mövqe dəyişməyəcək və İran əlindən gələni edəcəkdir ki, problem tezliklə sülh yolu ilə öz həllini tapsın.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.