MİLLİ MƏCLİSDƏ QƏBUL
Parlamentin sədri qonaqları salamlayaraq dedi ki, Estoniya Azərbaycanın dövlət müstəqilliyini ilk tanıyan dövlətlərdən biridir. Ötən illər ərzində ölkəmiz bir sıra beynəlxalq təşkilatlara üzv qəbul edilmişdir və respublikamızın nümayəndələri həmin qurumlarda Estoniyanın təmsilçiləri ilə sıx əməkdaşlıq edirlər.
Qonaqlara bildirildi ki, Azərbaycan Prezidenti İlham Əliyev iki ildən çox bir müddətdə ölkəmizin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, bu beynəlxalq qurumun sədr müavini və Büro üzvü olmuşdur. Həmin dövrdə Azərbaycan və Estoniya nümayəndə heyətləri bir sıra mühüm məsələlərdə eyni mövqedən çıxış etmişlər.
Sonra Milli Məclisin sədri Estoniya parlamenti nümayəndə heyətinin üzvlərinə 1993-cü ildən ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda sivil, hüquqi, demokratik dövlət quruculuğu sahəsində görülmüş işlər barədə məlumat verdi. Bildirdi ki, İlham Əliyevin prezidentliyinin bir ili tamam oldu. Bu müddətdə ölkəmizdə görülən quruculuq işləri haqlı olaraq iftixar hissi doğurur. Perspektivlər isə daha fərəhli olacaqdır. Qarşıdakı bir neçə ildə Azərbaycanda 600 min yeni iş yeri açmaq nəzərdə tutulur. Bu istiqamətdə işlər uğurla davam etdirilir.
Söhbət zamanı problem məsələlərə də toxunuldu. Bildirildi ki, Azərbaycanın qarşılaşdığı ən çətin məsələlərdən biri Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın bir hissəsinin işğal edilməsi, bir milyona qədər insanın qaçqın və məcburi köçkünə çevrilməsidir. Ölkəmiz bu problemin beynəlxalq hüquq normalarına uyğun, sülh yolu ilə həll edilməsinə tərəfdardır.
Səmimi qəbula görə təşəkkürünü bildirən Marko Mihkelson Estoniya ilə Azərbaycan arasında yaranmış əlaqələri, ölkələrimizin parlamentlərindəki deputat dostluq qruplarının qarşılıqlı səfərlərini yüksək dəyərləndirdi.
Qonaq dedi ki, Estoniya Avropa Birliyinin və NATO-nun üzvüdür, ona görə də biz Cənubi Qafqazdakı real vəziyyəti öyrənmək istəyirik. Elə bu məqsədlə də Gürcüstana və Ermənistana səfər etmişik və indi sizin ölkənizdəyik. Bundan sonra isə Türkiyəyə də səfərimiz gözlənilir.
Estoniya parlamenti nümayəndə heyətinin başçısı bildirdi ki, onun ölkəsi qonşuları ilə normal münasibətlər yaratmışdır. Beləliklə, Estoniyanın islahatlar yolu ilə inkişafı mümkün olmuşdur. Qonaq dedi ki, biz Azərbaycanın qarşılaşdığı problemin sülh yolu ilə, beynəlxalq hüquq normaları əsasında həll edilməsini istəyirik.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edildi.
Qəbulda Milli Məclisin AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edirdi.