MİLLİ MƏCLİSDƏ QƏBUL
AZƏRTAC xəbər verir ki, dekabrın 3-də Milli Məclisin sədri Murtuz Ələsgərov Heydər Əliyev zalında ölkəmizdə səfərdə olan İtaliya Respublikasının Müdafiə Nazirliyi Ali Müdafiə Elmləri Mərkəzinin diplomatik müşaviri, səfir Pyetro Erkole Aqonu və onun başçılığı ilə nümayəndə heyətini qəbul etmişdir.
Qonaqları səmimi salamlayan Murtuz Ələsgərov Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən hüquqi, demokratik islahatlar, insan hüquqlarının müdafiəsi ilə bağlı qanunvericilik bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat vermişdir. Milli Məclisin sədri demişdir ki, Azərbaycan Avropa Şurasının 40-dan çox konvensiyasına qoşulmuşdur.
Azərbaycan sürətlə inkişaf edir, amma təcavüzkar Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin işğalı, bir milyondan çox qaçqın və məcburi köçkün problemi bu inkişafa ciddi maneə törədir. Avropa Şurası və BMT münaqişə ilə bağlı ciddi qərarlar qəbul etmişdir. İtaliya Respublikası Parlamentlərarası İttifaqa sədrlik etmək niyyətindədir və bunun üçün Azərbaycandan dəstək istəyib. Rəsmi Bakı buna öz razılığını bildirib və ümid edir ki, bu nüfuzlu beynəlxalq təşkilat da Dağlıq Qarabağ münaqişəsinə ciddi yanaşacaq, problemin tezliklə öz ədalətli həllini tapmasında rol oynayacaq.
Səmimi qəbul üçün minnətdarlıq edən Pyetro Erkole Aqo demişdir ki, bu, onun Azərbaycana 9-cu səfəridir. Amma bu dəfə Bakıya Avropa Şurasının Azərbaycan üzrə monitorinq qrupunun rəhbəri kimi deyil, öz ölkəsinin Müdafiə Nazirliyi Ali Müdafiə Elmləri Mərkəzinin diplomatik müşaviri statusu ilə təşrif buyurub. Səfərdən məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparmaq, problemin həlli yollarını aramaqdır. Təmsil etdiyi qurum bu məsələ, eləcə də digər münaqişələrlə bağlı beynəlxalq seminar keçirmək niyyətindədir.
Diplomat artıq Ermənistanda olduğunu, münaqişənin həlli ilə bağlı müzakirələr apardığını da diqqətə çatdırmışdır.
Sonra görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Avropa Şurasında Azərbaycan parlament nümayəndə heyətinin üzvləri, İtaliyanın ölkəmizdəki səfiri xanım Marqarita Kosta iştirak etmişlər.