MİLLİ MƏCLİSDƏ QƏBUL
Ölkələrimiz arasında qədim tarixə malik dostluq əlaqələrindən danışan Murtuz Ələsgərov, münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini və bu işdə dövlətlərimizin başçılarının rolunu xüsusi vurğulamışdır. Parlamentin sədri qeyd etmişdir ki, qardaş ölkənin Silahlı Qüvvələri Baş Qərargah rəisinin başçılığı ilə, eləcə də digər nümayəndə heyətlərinin tez-tez Azərbaycana səfər etmələri əlaqələrimizi daha da möhkəmləndirir, uzunömürlü edir. Azərbaycan ilə Türkiyənin Bakı-Tbilisi Ceyhan neft və Bakı-Tbilisi Ərzurum qaz kəmərləri layihələrində birgə iştirakı sarsılmaz təməl üzərində yaradılan xoşbəxt gələcəkdən xəbər verir.
Sonra Milli Məclisin sədri, qarşıdan gələn parlament seçkilərinə hazırlıq, ölkəmizin demokratik inkişaf yolunda əldə etdiyi uğurlar, Azərbaycanın Avropaya inteqrasiyası, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində görülən işlər barədə qonaqlara ətraflı məlumat vermiş, problemlə bağlı ölkəmizin ədalətli mövqeyini bir daha diqqətə çatdırmış və qardaş Türkiyəyə bu işdə Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlığını bildirmişdir. O qeyd etmişdir ki, bu gün Azərbaycan hərtərəfli, sürətlə inkişaf edir. Gələn ilin dövlət büdcəsində təkcə müdafiə xərcləri bütövlükdə Ermənistanın dövlət büdcəsinə bərabər olacaqdır. Bu isə o deməkdir ki, Azərbaycanda ordu quruculuğu da yetərincə inkişaf edir və əgər Dağlıq Qarabağ münaqişəsi sülh yolu ilə öz həllini tapmasa, biz torpaqlarımızı başqa vasitələrlə azad edəcəyik.
Türkiyə Respublikası Silahlı Qüvvələri Baş Qərargahının rəisi, ordu generalı Hilmi Özkök səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirmiş, respublikamıza bundan əvvəlki səfərini xatırladaraq demişdir ki, ötən illər ərzində Azərbaycan xeyli inkişaf etmiş, Bakı əsaslı surətdə dəyişmişdir.
Bu gün ölkələrimiz bütün sahələrdə, eləcə də hərbi sahədə uğurla əməkdaşlıq edirlər. Bizim hərbi əməkdaşlığımız heç kimə qarşı yönəlməyib. Biz sadəcə olaraq öz müdafiəmizi və xalqımızın firavanlığını təmin etmək üçün ordumuzu qüdrətləndiririk.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.