CƏMİYYƏT
Milli Məclisin aqrar siyasət komitəsinin payız sessiyasında növbəti iclası keçirilib
Bakı, 1 oktyabr, AZƏRTAC
Oktyabrın 1-də Milli Məclisin aqrar siyasət komitəsinin payız sessiyasında növbəti iclası keçirilib.
AZƏRTAC-ın məlumatına görə, komitənin sədri Eldar İbrahimov bildirib ki, iclasın gündəliyinə altı məsələ daxil edilib.
Qanun layihələrini Milli Məclis Aparatının iqtisadi qanunvericilik şöbəsinin müdir müavini, aqrar qanunvericilik sektorunun müdiri Vilayət Əlizadə təqdim edib. Bildirilib ki, “Tütün və tütün məmulatı haqqında” Qanunun 1,13,14 və 15-ci maddələrinə təklif olunan dəyişikliklər qanunvericiliyin uyğunlaşdırılması xarakteri daşıyır, 2017-ci ilin dekabrında qəbul olunmuş “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunla əlaqədardır.
Sonra iclasda Azərbaycan və Serbiya hökumətləri arasında bitki karantini və mühafizəsi sahəsində əməkdaşlığa dair Saziş barədə məlumat verilib. Sazişin əhəmiyyəti qeyd olunub.
Bildirilib ki, komitəyə birinci oxunuşda daxil olmuş növbəti üç qanun layihəsi ölkədə Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətə başlaması ilə əlaqədardır. Baytarlıq, fitosanitar nəzarəti və yeyinti məhsulları haqqında qanunlara edilən əlavə bu qurumun işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədi daşıyır. Belə ki, adı çəkilən qanunların tələbləri pozulduğu hallarda İnzibati Xətalar Məcəlləsinə əsasən Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tətbiq ediləcək cərimələrdən toplanan vəsaitin 50 faizi bu qurumun öz hesabına köçürüləcək.
Komitədə “Torpaq bazarı haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlara dəyişiklik edilməsi məsələsinə də baxılıb. Bu layihənin “Torpaq icarəsi haqqında” Qanuna bu ilin 31 mayında edilmiş dəyişikliklə əlaqədar olduğu diqqətə çatdırılıb. Bildirilib ki, yeni sənəd dövlət mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı torpaqlardan daha səmərəli istifadə edilməsini tənzimləyən həmin qanunun tətbiqi məqsədilə hazırlanıb.
Qanun layihələrinin müzakirəsində aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, komitənin sədr müavini Eldar Quliyev, deputatlar Cavanşir Paşazadə, Novruz Aslan, Aydın Hüseynov rəylərini bildiriblər.
Bütün qanun layihələrinin Milli Məclisin plenar iclasına tövsiyə olunması məqsədəuyğun hesab edilib.