SİYASƏT
Milli Məclisin növbəti iclası noyabrın 20-də keçiriləcəkdir
Bakı, 17 noyabr (AZƏRTAC). Milli Məclisin növbəti iclası noyabrın 20-də keçiriləcəkdir.
AZƏRTAC xəbər verir ki, iclasın gündəliyinə 9 qanun layihəsi daxil edilmişdir. Bu məsələlərdən bir neçəsi Azərbaycan ilə Türkiyə və Tacikistan əlaqələrinə dair sənədlərin təsdiqi barədədir.
Azərbaycan qazının Türkiyə ərazisində qəbulu, tranziti və satışına dair müstəqil boru kəmərinin inşası, eləcə də Türkiyə ilə Azərbaycan arasında əldə edilən razılaşma əsasında gerçəkləşdiriləcək Trans-Anadolu Boru Kəməri (TANAP) layihəsinin təsdiqi ilə bağlı layihələr gündəlikdəki diqqət çəkən sənədlərdəndir.
Milli Məclisdə həmin gün Cinayət Prosessual Məcəlləyə, “Dövlət rüsumu haqqında” və “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanunlara dəyişiklik edilməsinə dair layihələrə də baxılacaqdır.