SİYASƏT
Milli Məclisin nümayəndə heyəti Fransada səfərdədir
Bakı, 3 sentyabr (AZƏRTAC). Milli Məclisin Mədəniyyət komitəsi sədrinin müavini Rafael Hüseynov, deputatlardan Sabir Hacıyev və Fazil Mustafa Avropa Şurası Parlament Assambleyasının siyasi işlər və demokratiya, Hüquqi işlər və insan hüquqları komitələrinin iclaslarında iştirak etmək üçün sentyabrın 3-də Fransaya səfərə getmişlər.
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Paris şəhərində keçiriləcək toplantılarda Avropada neofaşizm təzahürlərinə qarşı mübarizə, Fələstin Milli Şurasının fəaliyyəti, Misir və Tunisdə siyasi keçid dövrünün problemləri, insan hüquqlarına dair Avropa Konvensiyasının həyata keçirilməsi məsələləri müzakirə ediləcəkdir.
Sentyabrın 6-dək davam edəcək səfər çərçivəsində deputatlarımız komitə iclaslarında müzakirə edilən məsələlərə öz münasibətlərini bildirəcəklər.