CƏMİYYƏT
Milli mənəvi dəyərlərin qorunması ilə bağlı “dəyirmi masa” keçirilib
Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı Qadınlar Şurası milli mənəvi dəyərlərin qorunması, onların gənclərə aşılanması və digər məsələlərlə bağlı “dəyirmi masa” keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Qadınlar Şurasının üzvləri, rayonun fəal gəncləri iştirak ediblər.
Qadınlar Şurasının sədri Pərvanə Hacıyeva çıxış edərək milli mənəvi dəyərlərimizdən, onların gənclərə aşılanmasından, erkən nikahların fəsadlarından, gənclərin vətənpərvərlik ruhunda böyüməsindən danışıb. Bildirilib ki, Yeni Azərbaycan Partiyasının sıralarında fəal, təhsildə yüksək nəticələr göstərən gənclərimiz, həkimlərimiz və müəllimlərimiz var. Milli mənəvi dəyərlərimizi qorumaq, yaşatmaq və onları gənclərə aşılamaq vacib məsələdir. Bununla əlaqədar olaraq Qadınlar Şurası bir sıra tədbirlər planı hazırlayıb. Mütəmadi olaraq gənclərlə bu istiqamətdə işlərimizi davam etdirmək niyyətindəyik.
“Dəyirmi masa”da digər çıxış edənlər belə tədbirlərin gənc nəslin vətənpərvər ruhda böyüməsinə, milli mənəvi dəyərlərimizin onlara aşılanmasına xidmət etdiyini söyləyiblər.
Tədbirdə milli mənəvi dəyərlərimizin qorunub saxlanılması, Azərbaycan həqiqətlərinin sosial şəbəkələr vasitəsilə dünya ictimaiyyətinə çatdırılması, gənclərin vətənpərvərlik ruhunda böyümələri məsələləri ilə bağlı müzakirələr aparılıb.