REGİONLAR
Milli Oftalmologiya Mərkəzinin Dəmir yolu Səyyar Klinikası Astara şəhərində tibbi aksiya keçirir
Astara, 31 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Oktyabrın 31-də Astara şəhərinin dəmir yolu vağzalı ərazisində akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Dəmir yolu Səyyar Klinikası Zəfər Gününə həsr olunmuş tibbi aksiya keçirir.
Mərkəzin kiçik elmi işçisi, cərrah-oftalmoloq Orxan Güllərov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, iki gün davam edəcək aksiya zamanı Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, qazilərin müayinə və cərrahiyyə əməliyyatları aparılacaq.
Humanitar aksiyanın birinci günü vətəndaşlar müayinədən keçəcək, ikinci gün isə ehtiyacı olanlar əməliyyat olunacaqlar.
Ən son diaqnostik və cərrahiyyə avadanlığı ilə təchiz edilmiş vaqonda müayinə, əməliyyata hazırlıq, əməliyyat və texniki otaqlar yerləşir.
Aksiyada məqsəd operativ şəkildə vətəndaşları müayinə və müalicə etmək, göz xəstəlikləri ilə bağlı monitorinqlər aparmaq, əldə edilən nəticələri müzakirə etmək və həll etməkdir.
Qeyd edək ki, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi tərəfindən respublika rayonlarının əhalisinə təmənnasız oftalmoloji, xüsusilə cərrahi yardım göstərmək üçün 2005-ci ildə müasir diaqnostik və cərrahi avadanlıqla təchiz olunmuş Səyyar Klinika təşkil edilib.
Səyyar Klinika paytaxtda və respublikanın bir çox rayon və şəhərlərində aksiyalar keçirir. Burada əsas məqsəd sakinlərin vaxt itirmədən, elə yaşadıqları yerdə müayinə, müalicə və əməliyyat olunmasıdır.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həyata keçirdiyi tədbirlər gündən-günə artır və bu ölkə başçısının səhiyyə ilə bağlı reallaşdırdığı layihələrin əsas tərkib hissələrindən biri hesab olunur. Milli Oftalmologiya Mərkəzinin bütün filialları ən son texnoloji avadanlıqlarla təchiz edilib. Klinikada təcrübəli və xaricdə ixtisas keçmiş həkim-oftalmoloqlar bütün göz xəstəliklərinin müayinə və müalicəsi, eləcə də əməliyyatı ilə məşğul olur. Bununla yanaşı, 2018-ci ildən akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Səyyar Qatarı fəaliyyətə başlayıb.
Hazırda dünyada 7 milyard insandan 300 milyonu müxtəlif göz problemlərindən, 40 milyondan çoxu isə korluqdan əziyyət çəkir. Bu rəqəm hər il həndəsi silsilə ilə artmaqda davam edir. Vaxtında müayinə və müalicə etməklə korluq hallarının 80 faizinin qarşısını almaq mümkündür.