CƏMİYYƏT
Milli Qəhrəmanlar unudulmur
Bakı, 9 yanvar (AZƏRTAC). 1991-ci ilin yanvarın 9-da Azərbaycanın tanınmış jurnalisti, “Azərbaycan gəncləri” qəzetinin müxbiri Salatın Əsgərova vəzifə borcunu yerinə yetirərkən erməni quldurları tərəfindən qətlə yetirilmişdir.
Ötən əsrin 90-cı illərində erməni separatçılarının əsassız iddiası ilə üzləşən Azərbaycan həm də təcavüzə məruz qaldı. Ermənistanın silahlı birləşmələri Dağlıq Qarabağa təcavüz etdilər.
Redaksiya tapşırığını yerinə yetirərək xalqı məlumatlandırmaq üçün cəbhə bölgəsinə yollanan Salatın Əsgərova və üç sovet hərbçisinin avtomobili Laçın-Şuşa yolunun Qaladərəsi kəndi yaxınlığında silahlı hücuma məruz qaldı. S.Əsgərova və hərbçilər vəhşicəsinə qətlə yetirildilər.
Tanınmış Azərbaycan jurnalistini qətlə yetirənlər sonradan yaxalanaraq istintaqa cəlb olunmuşlar. Onlara qarşı qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülmüşdür. İstintaq zamanı erməni silahlılarının günahları tam sübuta yetirilmiş və iş məhkəməyə verilmişdir. Məhkəmə cinayət hadisəsinin ağırlığını, onun qəsdən törədilməsini nəzərə alaraq erməni terrorçularını ölüm hökmünə məhkum etmişdir.
Lakin naməlum şəraitdə qətli törədən erməni terrorçuları Ermənistana verilmiş və onlar azadlığa buraxılmışdılar.
Zaman ən yaxşı hakimdir. İllər ötəndən sonra məlum oldu ki, jurnalistin öldürülməsini həmin dövrdə Ermənistana rəhbərlik edənlər sifariş etmişlər. Məqsəd isə ondan ibarət idi ki, jurnalist Dağlıq Qarabağda ermənilərin törətdiyi vəhşilikləri işıqlandırıb dünya ictimaiyyətinə çatdıra bilməsin.
S.Əsgərova Azərbaycan Respublikasının Milli Qəhrəmanı adına layiq görülmüşdür.