SİYASƏT
Milli Qeyri-Hökumət Təşkilatları Forumunun seçki koalisiyası prezident seçkiləri ilə əlaqədar növbəti maarifləndirici tədbiri Qax rayonunda keçirmişdir
Qax, 3 sentyabr (AZƏRTAC). Milli Qeyri-Hökumət Təşkilatları Forumunun (MQF) seçki koalisiyası prezident seçkiləri ilə əlaqədar Azərbaycan Respublikası Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə sentyabrın 3-də Qax şəhərində seçki maarifçiliyi ilə bağlı növbəti tədbir keçirmişdir.
AZƏRTAC xəbər verir ki, C.Cabbarlı adına Mərkəzi Kitabxanada keçirilən tədbiri MQF-nin prezidenti Rauf Zeyni açaraq 2013-cü il oktyabrın 9-da keçiriləcək prezident seçkilərinin xalqımızın və dövlətimizin həyatında, müstəqil Azərbaycanın tarixində mühüm əhəmiyyətə malik çox önəmli hadisə olduğunu qeyd etmişdir. Məlumat verilmişdir ki, Milli Qeyri-Hökumət Təşkilatları Forumunun seçki koalisiyası avqustun 29-dan başlayaraq yerlərdə prezident seçkiləri ilə əlaqədar maarifçilik tədbirləri həyata keçirir. Artıq Mingəçevir şəhərində, Zərdab, Ucar, Ağdaş, Balakən və Zaqatala rayonlarında əhalinin maarifləndirilməsi, seçki fəallığının artırılması məqsədi ilə belə tədbirlər keçirilmişdir.
Tədbirdə Müstəqil Elmi-Praktik Hüquq Mərkəzinin sədri Aydın Kərimovun “Seçki münasibətləri və seçki qanunvericiliyi”, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyevin “Davamlı inkişaf, sabit cəmiyyət və seçki”, MQF-nin prezidenti Rauf Zeyninin “Əhalinin seçkilərdə fəal iştirakında vətəndaş cəmiyyətinin rolu” mövzularında məruzələri dinlənilmişdir.
Tədbirin sonunda iştirakçıların seçki hüququ və seçki qanunvericiliyi ilə bağlı çoxsaylı sualları cavablandırılmışdır.