REGİONLAR
Milli Qurtuluş Günü Azərbaycan xalqının dövlətçilik tarixinə qızıl hərflərlə yazılıb
Mingəçevir, 8 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC
Hər bir xalqın taleyində xüsusi önəm daşıyan hadisələr və tarixi faktlar olur. 15 İyun - Milli Qurtuluş Günü Azərbaycan xalqının dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış günlərdən biridir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər iyunun 8-də Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Günü ilə bağlı “Ümummilli lider Heydər Əliyev - Milli qurtuluşumuzun sərkərdəsi” mövzusunda keçirilən elmi-nəzəri konfransda səsləndirilib.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin Yeni Azərbaycan Partiyası Mingəçevir şəhər təşkilatı ilə birgə keçirdiyi konfransın iştirakçıları əvvəlcə Ümummilli Liderin abidəsi önünə gül dəstələri düzüblər.
Sonra Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən film nümayiş olunub.
Tədbirdə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək 15 İyun - Milli Qurtuluş Gününün tarixi əhəmiyyətindən danışıb, dahi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə gəlişi ilə ölkəmizin xaos, anarxiya, vətəndaş müharibəsi və parçalanmaq təhlükəsindən xilas olunduğunu qeyd edib. Bu gün Azərbaycanın dünyada söz və nüfuz sahibi olan demokratik, dünyəvi dövlət kimi tanındığını bildirən N.Bayramov diqqətə çatdırıb ki, ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə işıqlı gələcəyə doğru inamla addımlayır.
Sonra 12 saylı orta məktəbin direktoru Mirzə Cavadov “Dahi şəxsiyyət Heydər Əliyevin 1993-cü ilin 15 iyununda siyasi hakimiyyətə qayıdışı tarixi zərurət idi”, Mingəçevir şəhər Təhsil Şöbəsinin müdiri Sahib Hüseynov “Ümummilli lider Heydər Əliyev milli qurtuluşumuzun müəllifidir”, Mingəçevir Dövlət Universitetinin baş müəllimi, texniki elmlər üzrə fəlsəfə doktoru Aida Mustafayeva “Ulu öndər Heydər Əliyevin milli inkişaf strategiyası”, Mingəçevir Turizm Kollecinin müəllimi, YAP Mingəçevir şəhər təşkilatının Gənclər Birliyinin sədr müavini Eldar Dərişov “Azərbaycanın müasir uğurları ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilən dövlətçilik siyasətinin dəqiqliklə icrasının nəticəsidir” mövzusunda çıxış ediblər.