Milli Qurtuluş Günü Batumidə qeyd olunub
Tbilisi, 18 iyun, AZƏRTAC
Azərbaycanın Batumidəki konsulluğunun təşəbbüsü ilə ölkəmizin müasir tarixində xüsusi əhəmiyyət daşıyan üç önəmli hadisəyə – 15 İyun - “Milli Qurtuluş Günü”nə, 26 İyun - Silahlı Qüvvələr Gününə və Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunmasına həsr edilmiş dəyirmi masa keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə baş konsulluğun əməkdaşları ilə yanaşı, regionda təhsil alan azərbaycanlı tələbələr, diaspor təşkilatlarının üzvləri, ictimai xadimlər, Gürcüstanın Beynəlxalq İnvestorlar Asossiasiyasının nümayəndələri, həmçinin media və yerli azərbaycanlı icma üzvləri iştirak ediblər.
Baş konsul Fuad Əzizov, ilk növbədə, 15 İyun – Milli Qurtuluş Gününün tarixi əhəmiyyəti barədə geniş çıxış edib. Qeyd olunub ki, 1993-cü ilin məhz bu günü Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın məhv olmaq təhlükəsindən qurtularaq sabitlik və inkişaf yoluna çıxmasının başlanğıcı olub. Müasir Azərbaycanın qurucusu olan Heydər Əliyevin rəhbərliyi ilə əsası qoyulan dövlətçilik ənənələri bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Baş konsul daha sonra Silahlı Qüvvələr Günü və “Konstitusiya və Suverenlik İli” ilə bağlı fikirlərini bölüşüb.
Daha sonra tələbələr, diaspor üzvləri və ictimai fəallar çıxış edərək hər üç hadisənin Azərbaycan xalqı üçün dərin mənəvi, siyasi və tarixi əhəmiyyətə malik olduğunu vurğulayıblar. Onlar Ümummilli Lider Heydər Əliyevin irsinin qorunması, Ordumuzun qəhrəmanlığı və Konstitusiya dəyərlərinin gənc nəslə aşılanmasının zəruriliyini diqqətə çatdırıblar.
Sonda qısametrajlı filmlər nümayiş etdirilib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi