MİLLİ QURTULUŞ GÜNÜ GÜRCÜSTANDA DA QEYD EDİLDİ
Xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazılmış Milli qurtuluş günü Gürcüstanda soydaşlarımız tərəfindən də təntənə ilə qeyd edildi. Bununla əlaqədar iyunun 15-də Tbilisidə, M.F.Axundov adına Azərbaycan mədəniyyəti mərkəzində keçirilən tədbiri Mədəniyyət mərkəzinin direktoru Məmməd Gülməmmədov açaraq, Milli qurtuluş gününün Gürcüstanda yaşayan soydaşlarımız üçün də böyük əhəmiyyəti olduğunu vurğuladı. O, bildirdi ki, zəmanəmizin görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışından əvvəl ölkədə hökm sürən hərc-mərclik və dərəbəylik şəraiti Borçalıdakı azərbaycanlıların da vəziyyətini çox ağırlaşdırmışdı. Azərbaycan xalqının təkidli xahiş və tələbi ilə cənab Heydər Əliyevin respublikaya rəhbərlik etməsi Gürcüstanda da dərəbəyliyə son qoydu, vaxtilə doğma ocaqlarını tərk etmiş soydaşlarımız öz yurd-yuvalarına qayıtmağa başladılar. İndi onlar müdrik və uzaqgörən Prezident Heydər Əliyevin qayğısı sayəsində sabitlik şəraitində yaşayır və dinc əməklə məşğuldurlar.
Sonra Gürcüstan Prezidentinin regional siyasət və ərazi idarəetmə xidməti rəisinin müavini İmir Məmmədli, parlamentin deputatları Ramiz Bəkirov, Hidayət Hüseynov, “Gürcüstan” qəzetinin baş redaktoru Süleyman Süleymanov, professor Valeh Hacıyev və başqaları çıxışlarında prezidentlər Heydər Əliyevin və Eduard Şevardnadzenin səmimi münasibətləri sayəsində gürcü-Azərbaycan dostluğunun daha da möhkəmləndiyindən, ölkələrimizin ilk növbədə iqtisadi əlaqələrinin genişləndiyindən, Azərbaycan dövləti başçısının Gürcüstana və gürcü xalqına qayğısından, bu qayğının nəticəsi olaraq, Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarlarına nəqli üçün boru kəmərlərinin məhz Gürcüstan ərazisindən keçməsinə dair qərarlar qəbul edildiyindən danışdılar.
Daha sonra tədbir iştirakçıları Azərbaycan Prezidenti Heydər Əliyevə müraciət qəbul etdilər.
Tədbirdə Gürcüstan Prezidenti İcra Aparatının və parlamentin, xarici ölkələrin Tbilisidəki səfirliklərinin, Borçalı bölgəsi sakinlərinin nümayəndələri iştirak edirdilər.
Şahismayıl Məmmədov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi