CƏMİYYƏT
Milli Qurtuluş Günü münasibətilə Nizami rayonunda konfrans keçirilib
Bakı, 14 iyun, AZƏRTAC
Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda 15 İyun – Milli Qurtuluş Günü münasibətilə “Qurtuluşdan Zəfərə aparan yol” mövzusunda konfrans keçirilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, konfransda Milli Məclisin deputatları, tarixçi alimlər, qazilər, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra “Qurtuluşdan Zəfərə aparan yol” mövzusunda videoçarx nümayiş etdirilib.
Rayon icra hakimiyyətinin başçısı Coşqun Cəbrayılov konfransı giriş sözü ilə açaraq qeyd edib ki, müasir Azərbaycan dövlətçiliyi tarixinin başlanğıcı sayılan Milli Qurtuluş Günü çağdaş tariximizin qızıl hərflərlə yazılmış ən şanlı səhifələrindən biridir. Ümummilli lider Heydər Əliyevin böyük xilaskarlıq fəaliyyətinə başladığı 15 iyun tarixində müstəqil Azərbaycan dövlətinin və xalqının həyatında tamamilə yeni bir dövrə qədəm qoyuldu. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışından sonra zəngin dövlətçilik təcrübəsinə və ümummilli maraqlara əsaslanaraq ölkəmizi siyasi böhrandan xilas etdi, müstəqilliyimizin məhv olması, ölkəmizin parçalanması, daxili və xarici qüvvələrin məkrli oyunlarının qarşısının böyük məharətlə alınması ilə yanaşı, dövlətçiliyimizin inkişafı naminə yeni strategiya müəyyənləşdirildi. Ulu öndər Heydər Əliyev tərəfindən həyata keçirilən islahatlar, beynəlxalq əhəmiyyətli sosial-iqtisadi və siyasi layihələr dövlətimizin tərəqqisinin əsasını qoydu.
Vurğulanıb ki, 15 İyun – Milli Qurtuluş Günündən başlayan böyük siyasi kurs Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən çox uğurla davam etdirilir. Bu siyasətin nəticəsidir ki, müasir, demokratik, müstəqil Azərbaycan dünya səviyyəsində mühüm strateji mərkəzə, Cənubi Qafqaz regionunun liderinə, transmilli layihələri reallaşdıran və mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən qüdrətli dövlətə çevrilib. Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi və qətiyyəti, rəşadətli Azərbaycan Ordusunun qəhrəmanlığı sayəsində 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər ölkəmizin gücünün və qüdrətinin nümayişi, Azərbaycanın dünyada artan nüfuzunun böyük göstəricisidir.
Tədbirdə, həmçinin Milli Məclisin deputatları, tarixçi alimlər, Vətən müharibəsi qazisi, rayon ictimaiyyətinin nümayəndələri çıxış edib, 15 İyun – Milli Qurtuluş Gününün dövlətimiz üçün əhəmiyyətindən danışaraq Ulu Öndərin Azərbaycan tarixindəki əvəzsiz rolunu bir daha vurğulayıblar. Çıxışlarda Ümummilli Liderin siyasi kursundan irəli gələn tarixi işlərin gənclərimiz tərəfindən mənimsənilməsi və gələcək nəsillərə ötürülməsinin vacibliyi qeyd olunub.