İQTİSADİYYAT
“Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi-1” çərçivəsində Şamaxı şəhəri və Sabir qəsəbəsinin içməli suya tələbatı qarşıdakı 20 ildə tam ödəniləcəkdir
Bakı, 19 aprel (AZƏRTAC). “Milli su təchizatı və kanalizasiya xidmətləri layihəsi-1” çərçivəsində Şamaxı rayonunda sugötürücü qovşaq və baş su təchizatı qurğularının tikintisi başa çatmaq üzrədir.
“Azərsu” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Dünya Bankının ayırdığı kredit hesabına həyata keçirilən layihəyə uyğun olaraq, Pirsaat çayının Şamaxı şəhəri yaxınlığından keçən hissəsinin sahilində tutumu 500 kubmetr olan 2 anbar, xlorlama məntəqəsi, qovşağı sel sularından qorumaq üçün xüsusi bənd inşa olunmuşdur. Çayın yatağından suyun anbara yığılması üçün üfüqi drenaj üsulu ilə 7 metr dərinlikdə 2 min 100 metr uzunluğunda şüşə lifli (GRP) boru xətti çəkilmişdir. Layihənin icrası Şamaxı şəhəri və Sabir qəsəbəsinin içməli suya tələbatını qarşıdakı 20 ildə tam ödəyəcəkdir. Sugötürücü qovşaq və baş su təchizatı qurğularının tikintisi Şamaxı şəhərinin su təchizatı və kanalizasiya xidmətlərinin yenidənqurulması layihəsinin birinci mərhələsidir. 2-ci və 3-cü mərhələlərdə isə Şamaxı şəhərində 4 yeni su anbarı, şəhər supaylayıcı şəbəkə, kanalizasiya şəbəkəsi və çirkab su təmizləyici qurğu inşa olunacaqdır.
Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə həyata keçirdiyi bu layihə 14 şəhər və rayon mərkəzində su və kanalizasiya sistemlərinin yenidən qurulmasını nəzərdə tutur.
######