MİLYONÇU ŞƏHƏR ALMIŞDIR
AZƏRTAC xəbər verir ki, İngiltərənin “İndependent” qəzetinin yazdığına görə, 1000 nəfər sakini olan şəhərə görə Aleksandr Skott 3 milyon dollar ödəmişdir. Şəhərin əsil adını açıqlamayan milyonçu buranı dünyaşöhrətli kurorta çevirməyi, yeni mehmanxanalar, parklar, kazinolar tikməyi planlaşdırır. O demişdir: “Bolqarıstan sürətlə inkişaf edən ölkədir. Qızıl qumlu sahilləri may ayından oktyabradək günəş qızdırır, dadlı yeməkləri var. Ölkə 2007-ci ildə Avropa İttifaqına üzv olacaq və onda daşınmaz əmlakın qiyməti xeyli yüksələcəkdir”.
Bundan əlavə, şəhərdə sosial infrastruktur yeniləşdiriləcək, o cümlədən xəstəxana tikiləcəkdir. Torpağın bir hissəsini isə Skott Britaniya sərmayəçilərinə icarəyə vermək niyyətindədir.
31 yaşlı Aleksandr Skott vətənində şöhrətpərəst adam kimi tanınır. O, əsasən, biznesdə qazandığı uğurlarla deyil, qeyri-adi hərəkətləri ilə məşhurdur. Məsələn, Skottun Manhettendəki evinin divarını bəzəyən öz portreti 10 min funta başa gəlmişdir.
Dünyada şəhər almaq əməliyyatları tez-tez həyata keçirilir. Məsələn, mayın axırlarında eBay hərracında Fələstinin Petax-Tikva kəndi satışa çıxarılmışdı.
Satışa çıxarılan şəhər isə Kaliforniyanın Bricvill şəhəri olmuşdur. O, 2002-ci ildə hərracda təxminən 2 milyon dollara satılmışdır. Lakin alıcı gəlib çıxmadığından sövdələşmə baş tutmamışdır.