REGİONLAR
Milyonlara örnək olan mənalı ömür yolu
Salyan, 27 aprel, Mahir Babayev, AZƏRTAC
Aprelin 27-də Salyan Rayon İcra Hakimiyyətində görkəmli oftalmoloq alim, ictimai xadim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 96-cı ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə akademikin zəngin həyat yolundan, pedaqoji və həkimlik fəaliyyətindən söhbət açılıb.
Tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları, səhiyyə və mədəniyyət işçiləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon mərkəzi xəstəxanasının göz xəstəlikləri şöbəsinin müdiri Tünzalə Əsədova çıxış edərək, Zərifə xanım Əliyevanın müxtəlif göz xəstəliklərinin müalicə və profilaktikasına dair fundamental tədqiqatlarından, əldə etdiyi uğurlardan və yüksək mənəvi keyfiyyətlərindən danışıb.
Bildirilib ki, alimin şəfalı əlləri minlərlə insanın qaranlıq gözlərinə işıq gətirib. Qeyd olunub ki, gözün zədələnməsinin öyrənilməsi və profilaktikası sahəsindəki kəşflərinə görə Zərifə xanım bir sıra yüksək mükafatlara layiq görülüb.
Digər çıxış edənlər Zərifə Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətlərindən danışıb, akademikin zəngin elmi irsinin - oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatların, qazandığı nailiyyətlərin, fundamental əsərlərinin Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazıldığını qeyd ediblər. Diqqətə çatdırılıb ki, Zərifə xanımın fitri istedada malik novator alim, pak və nəcib insan, gözəl ana kimi yaşadığı mənalı ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir.