Mina terroruna qarşı İctimai Platforma işə başlayıb
Bakı, 5 may, AZƏRTAC
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Mina terroruna qarşı İctimai Platformanın birinci iclası keçirilib.
Agentlikdən AZƏRTAC-a verilən məlumata görə, mina terroruna qarşı İctimai Platformanın əlaqələndiricisi, “Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması” İctimai Birliyinin sədri Azər Allahverənov bildirib ki, İctimai Platforma olaraq mina terrorunun qarşısının alınması istiqamətində fəaliyyətlərini davamlı şəkildə həyata keçirməyi planlaşdırırlar. “Dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara, o cümlədən insan hüquqlarının müdafiəsi ilə məşğul olan beynəlxalq təşkilatlara müraciətlərimiz, insan hüquq və azadlıqlarının müdafiəsi məqsədilə Ermənistanın hərbi cinayətlərinə susmamağa, qətiyyətli mövqe nümayiş etdirməyə çağırışlarımızı davam edəcəyik”, - deyə o qeyd edib.
İclasda iştirak edən İctimai Platformanın üzvləri Ermənistanın Azərbaycana qarşı davam edən mina terroru ilə bağlı fikirlərini bölüşüblər. Diqqətə çatdırılıb ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərini kütləvi şəkildə minalarla və təhlükəli döyüş sursatları ilə çirkləndirən, yaşayış məskənlərini, kəndləri, şəhərləri viran edərək yer üzündən silmiş erməni hərbi birləşmələrinin qanunsuz əməlləri haqqında beynəlxalq təşkilatlara edilən müraciətlər hələ də cavabsız qalıb. “Beynəlxalq təşkilatlar Ermənistanın qanunsuz terror fəaliyyətinə münasibət bildirənə qədər müraciətlərimizi dünya ictimaiyyətinin diqqətinə çatdıracağıq”, - deyə iştirakçılar vurğulayıblar.
İşçi qaydada keçirilən tədbirin sonunda qərara alınıb ki, mina terroruna qarşı İctimai Platforma təkliflər paketi hazırlasın və sənəddə yer almış fəaliyyətlərin icrası ilə əlaqədar zəruri addımlar atsın.