CƏMİYYƏT
Minatəmizləmə əməliyyatları ilə tanışlıq məqsədilə Ağdam rayonuna media-tur təşkil olunub
Ağdam, 2 dekabr, İlyas Zeynallı, AZƏRTAC
İşğaldan azad olunan ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları çərçivəsində Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən görülən işlərlə tanışlıq üçün Ağdam rayonunun Maqsudlu kəndinə media-tur təşkil edilib.
AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, media-turun məqsədi bu ərazilərin minalardan və partlamamış döyüş sursatlarından təmizlənməsi sahəsində FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti tərəfindən görülən işlərin işıqlandırılmasıdır.
Media-tur zamanı KİV nümayəndələri ərazilərin minaaxtaran itlər vasitəsilə minalardan təmizlənməsi prosesi, eləcə də bu əməliyyatların icrası zamanı istifadə edilən avadanlıqla tanış olublar.
Xatırladaq ki, işğaldan azad edilmiş ərazilərdə 2020-ci il noyabrın 10-dan bu il noyabrın 22-dək minaya düşmələri nəticəsində əsasən mülki şəxslər olmaqla 180-nə yaxın şəxs həlak olub və ya yaralanıb. İşğaldan azad edilmiş ərazilərdə keçən il noyabrın 11-dən cari il noyabrın 22-dək ümumilikdə piyada əleyhinə 10 min 455, tank əleyhinə 4640 mina, 12 min 637 ədəd partlamamış hərbi sursat aşkarlanıb. Bu müddətdə ümumilikdə 62 milyon 855 min 782 kvadratmetr (6286 hektar) ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.