MƏDƏNİYYƏT
Mingəçevir ictimaiyyətinin nümayəndələri Novruz bayramı münasibətilə “N” saylı hərbi hissədə əsgərlərlə görüşmüşlər
Mingəçevir, 18 mart (AZƏRTAC). Mingəçevir şəhər ictimaiyyətinin nümayəndələri Novruz bayramı münasibətilə cəbhə bölgəsindəki “N” saylı hərbi hissədə əsgərlərlə görüşmüşlər.
AZƏRTAC xəbər verir ki, Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qazax rayonundakı hərbi hissədə keçirilən bayram tədbirində görüşün əsas məqsədinin bayram ərəfəsində əsgərlərə xoş ovqat bəxş etmək, onlarda milli vətənpərvərlik ruhunu yüksəltmək olduğu bildirilmişdir.
Görüşdə çıxış edənlər ordu quruculuğu sahəsində əldə olunan uğurlardan danışmışlar. Bildirilmişdir ki, gündən-günə qüdrətlənən Silahlı Qüvvələrimiz torpaqlarımızı işğaldan azad etməyə qadirdir.
Mingəçevirli ağsaqqallar, şəhid ailələrinin üzvləri, müharibə veteranları əsgər və zabitlərimizə göstərilən dövlət qayğısından minnətdarlıqla söz açmışlar. Ölkəmizin ərazi bütövlüyünün tezliklə bərpa ediləcəyinə inam hissi ifadə olunmuşdur.
Hərbi hissənin komandiri Nahid Abışov bayram münasibətilə tədbir iştirakçılarını təbrik etmiş, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordu quruculuğu və Silahlı Qüvvələrin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışmışdır.
Mingəçevir şəhərinin musiqi kollektivi əsgərlər qarşısında konsert proqramı ilə çıxış etmişdir. Hərbçilər, əsgərlər və onların valideynləri, ictimaiyyət nümayəndələri Novruz tonqalı ətrafında yallı getmişlər. Əsgərlərə bayram xonçaları təqdim olunmuşdur.
Sonda hərbi hissədə yaradılan şəraitlə tanışlıq olmuşdur. Qonaqlar əsgər yataqxanasına və yeməkxanasına baxmışlar. İctimaiyyət nümayəndələri əsgərlərin lazımi şəraitlə və yeməklərlə tam təmin edilməsinin şahidi olmuş, hətta onlar üçün hazırlanan yeməklərin dadına da baxmışlar.