Mingəçevirdə 8 Noyabr- Zəfər Günü qeyd edilib
Mingəçevir, 7 noyabr, AZƏRTAC
Mingəçevir Dövlət Universiteti (MDU) və Mingəçevir şəhər Təhsil sektorunun birgə təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunmuş “Heydər Əliyev ideyaları ilə Zəfərin zirvəsinə ucalan xalq” mövzusunda elmi-praktik konfrans keçirilib. Mingəçevir şəhər 13 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə şəhid ailələri, Vətən müharibəsi qaziləri, ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivi, MDU-nun bir qrup akademik və inzibati heyət üzvü, tələbə və magistrantları iştirak ediblər.
MDU-dan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Mingəçevir şəhər Şəhidlər xiyabanı ziyarət olunub. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, məzarları önünə gül dəstələri düzülüb.
Sonra, Mingəçevir şəhər məktəblilərinin tarixi Zəfərə həsr etdikləri rəsm və əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbir Ümummilli Lider Heydər Əliyevin və qəhrəman şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirin açılışında MDU-nun rektoru Şahin Bayramov və Mingəçevir şəhər Təhsil sektorunun müdiri Sevinc Həsənova çıxış ediblər.
Şanlı qalibiyyətin üçüncü ildönümünün ölkəmizdə böyük təntənə və coşqu ilə qeyd edildiyini bildirən Ş.Bayramov birliyimizin və milli iradəmizin rəmzi kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi həkk olunmuş 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Qeyd edib ki, Müzəffər Ali Baş Komandanımızın qətiyyətli və müdrik rəhbərliyi, rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin yenilməz gücü sayəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam təmin olunub. Hazırda Şuşada, Xankəndində, Xocalıda və işğaldan azad edilmiş digər bütün əzəli yurdlarımızda şanlı Azərbaycan Bayrağının qürurla dalğalandığını vurğulayan rektor bu sonsuz sevinc və fəxarət hisslərini xalqımıza bəxş edən şəhidlərimizə rəhmət, qazilərimizə isə şəfa diləyib. Qazanılan Qələbədə gənc nəslin vətənpərvərlik tərbiyəsinin önəmli rolundan danışan Ş.Bayramov tədbirin əhəmiyyətini diqqətə çatdırıb.
Zəfər Günü münasibətilə təbriklərini çatdıran S.Həsənova əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş ordu quruculuğu strategiyasının Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində doğma torpaqlarımızın işğaldan azad olunmasından və tarixi ədalətin bərpa edilməsindən bəhs edib. 44 günlük Vətən müharibəsində Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsinin yazıldığını qeyd edən S.Həsənova tarixi Zəfərin qazanılmasında qəhrəman şəhidlərimizə və qazilərimizə borclu olduğumuzu bildirib. Təhsil müəssisələrində vətənpərvərlik mövzusunda tədbirlərin önəmindən danışan natiq konfransın təşkilində əməyi olanlara təşəkkür edib.
Sonra, MDU-nun şəhid məzunlarının ailə üzvləri Elnarə Hüseynova və Azadə Abdullayeva çıxış edərək qanları və canları bahasına şanlı tarix yazan qəhrəmanlarımızla qürur duyduqlarını bildiriblər. Göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısına təşəkkürlərini bildirən şəhid ailəsi üzvləri şəhidlərin adlarının daim uca tutulmasından məmnunluqlarını ifadə ediblər.
Daha sonra, Zəfər Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib və məruzələr dinlənilib.
Maraqla qarşılanan məruzələrdən sonra tədbir bədii hissə ilə davam edib.