SİYASƏT
MİNGƏÇEVİRDƏ “HEYDƏR ƏLİYEV TARİXİ ŞƏXSİYYƏT, ƏBƏDİYAŞAR LİDERDİR” MÖVZUSUNDA ELMİ-NƏZƏRİ KONFRANS OLMUŞDUR
Mingəçevir, 12 dekabr (AZƏRTAC). Dekabrın 11-də Mingəçevir şəhərində müstəqil Azərbaycanın memarı və qurucusu Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Heydər Əliyev tarixi şəxsiyyət, əbədiyaşar liderdir” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir.
Mingəçevir Şəhər İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Mingəçevir şəhər təşkilatının birgə keçirdikləri tədbirdə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Şəhər İcra hakimiyyətinin başçısı Mübariz Ağayev çıxışında qeyd etmişdir ki, Mingəçevirin sosial-iqtisadi inkişafı dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Mingəçevir məhz onun dövründə böyük sənaye və energetika şəhərinə çevrilmişdir.
Konfransda Mingəçevir Politexnik İnstitutunun dosenti Saleh İbrahimov “Heydər Əliyev şəxsiyyəti ən qiymətli milli sərvətimizdir”, Mingəçevir Turizm Kollecinin müəllimi Samirə Hacıyeva “Heydər Əliyev müstəqilliyimizi dönməz və əbədi edən şəxsiyyətdir”, Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialının dekanı Namaz Manafov “Heydər Əliyev milli inkişaf strategiyamızın müəllifidir”, Mingəçevir Tibb Məktəbinin müəllimi Zaur Müseyibov “Heydər Əliyev - ideyaları əbədi yaşayan ümummilli liderdir” mövzularında məruzələr etmişlər.
Tədbirdə qeyd olunmuşdur ki, dahi şəxsiyyət Heydər Əliyevin vəfatının növbəti ildönümü ilə əlaqədar Mingəçevirin idarə və təşkilatlarında, ali və orta məktəblərində müxtəlif tədbirlər keçirilmişdir.
Dekabrın 12-də şəhər ictimaiyyətinin nümayəndələri, sadə vətəndaşlar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edəcəklər.