SİYASƏT
MİNGƏÇEVİRDƏ “HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCANIN 1969-CU İLDƏN BAŞLANAN İNTİBAH MƏRHƏLƏSİ” MÖVZUSUNDA KONFRANS OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, iyulun 14-də Mingəçevirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 39-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycanın 1969-cu ildən başlanan intibah mərhələsi” mövzusunda elmi-nəzəri konfrans keçirilmişdir.
Tədbirdə şəhər icra hakimiyyətinin başçısı Mübariz Ağayev “Azərbaycan Prezidenti İlham Əliyev dahi rəhbər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısıdır”, YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov 14 iyul 1969-cu il Azərbaycanın intibah dövrünün başlanğıcıdır”, təşkilatın sədr müavini, siyasi elmlər namizədi İlham İsmayılov “Ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında xidmətləri quruculuq və xilaskarlıq etalonudur” mövzusunda məruzə etmişlər.
Natiqlər çıxışlarında bildirmişlər ki, 14 iyul 1969-cu il Azərbaycanın ən yeni tarixində müstəsna əhəmiyyət kəsb edən gündür. Ulu öndər Heydər Əliyevin həmin gün siyasi hakimiyyətə gəlişindən sonra Azərbaycan iqtisadiyyatının, o cümlədən neft sənayesinin, kənd təsərrüfatının, elm və mədəniyyətin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd edən natiqlər onun 1993-cü il iyunun 15-də hakimiyyətə qayıdışının daha ağır, böhranlı dövrə təsadüf etdiyini, lakin xalqın təkidli tələbindən sonra bu ağır yükün altına keçərək xilaskarlıq missiyasını şərəflə yerinə yetirdiyini vurğulamışdır.
Çıxışlardan sonra konfrans iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Həmin gün Heydər Əliyev meydanında yerli incəsənət ustalarının iştirakı ilə bayram konserti olmuşdur.