MƏDƏNİYYƏT
Mingəçevirdə məcburi köçkün uşaqların rəsm sərgisi açılmışdır
Mingəçevir, 29 oktyabr (AZƏRTAC). ABŞ səfirliyinin sponsorluğu və Mingəçevir Şəhər Gənclər üçün Təlim Mərkəzinin təşkilatçılığı ilə məcburi köçkün uşaqların rəsm sərgisi keçirilmişdir. AZƏRTAC xəbər verir ki, şəhərin “Energetiklər” qəsəbəsində fəaliyyət göstərən Ağdam rayon 52 nömrəli orta məktəbində təşkil edilən sərginin açılışında ABŞ-ın ölkəmizdəki səfirliyinin nümayəndələri, Sülh Korpusunun könüllüləri iştirak etmişlər.
ABŞ səfirinin mədəniyyət və təhsil məsələləri üzrə müşaviri Kristofer Cons bu tədbirdə əsas məqsədin Azərbaycan-ABŞ dostluğunu önə çəkməkdən ibarət olduğunu bildirmişdir. “Siyasi sahədə olduğu kimi, mədəniyyət sahəsində də dostluğumuzu artırmaq, həm də imkansız ailələrdə yaşayan istedadlı uşaqları üzə çıxarmaq istəyirik. Gələcəkdə azərbaycanlı könüllüləri də bu işə cəlb etməyə və onlarda liderlik qabiliyyətini inkişaf etdirməyə ümid edirik”. Kristofer Cons çəkilən bu rəsmlərin noyabrın 2-də “Park Bulvar” ticarət və istirahət mərkəzində keçiriləcək sərgidə nümayiş olunacağını demişdir.
ABŞ-ın Merilend Universitetinin professoru Ken Krafcek uşaqlarda özlərinə güvən hissinin yarandığını qeyd etmişdir. Bildirmişdir ki, onların rəngarəng fantaziyaları var və bu sahəyə ciddi maraq göstərirlər.
Sərgi boyu uşaqlar çəkdikləri rəsmlər barədə qonaqlara məlumat vermişlər.
Sərgidə məktəbin VI-VII siniflərində təhsil alan 30 şagirdin 50-dən artıq rəsm əsəri nümayiş etdirilmişdir.
Xatırladaq ki, ABŞ səfirliyi Bakı, Gəncə və Xızıda da uşaqlarla bağlı müxtəlif tədbirlər keçirmişdir.