CƏMİYYƏT
Mingəçevirdə “Mən idmanı seçirəm!”devizi altında gənclər festivalı keçirilmişdir
Bakı, 1 aprel (AZƏRTAC). “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyi “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının reallaşdırılması üzrə tədbirlər planına uyğun olaraq Gənclər və İdman Nazirliyi tərəfindən qismən maliyyələşdirilən “Mən idmanı seçirəm!” devizi altında idman festivalları layihəsini həyata keçirir.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində Mingəçevir şəhərində gənclərin iştirakı ilə marafon, voleybol yarışları keçirilmiş, kütləvi bədən tərbiyəsi hərəkətləri vasitəsilə gənclərin idmanda iştirakı təmin olunmuşdur. Gənclər müxtəlif əyani vasitələr, jurnallar, bukletlər vasitəsilə sağlam həyat tərzi ilə bağlı maarifləndirilmişlər. Onlara yazılı köynəklər, idman ləvazimatları da paylanılmışdır.
Qaliblər müxtəlif mükafatlarla təltif olunmuşlar.
Layihənin məqsədi regionlarda yaşayan gənclər üçün idmana cəlb etmək yolu ilə imkanlar təmin etmək, kənd icmalarında gənclərin idmanda iştirakını artırmaqla fiziki və əqli inkişaflarına töhfə vermək, region gənclərini idman və kütləvi bədən tərbiyəsi vasitəsilə zərərli vərdişlərdən çəkindirmək, onların sağlam həyat tərzi barədə maarifləndirilməsidir.
Tədbir çərçivəsində kənd icmalarında görüşlər keçirilmişdir. Uşaqlar və gənclərə idmanın əhəmiyyəti haqqında danışılmış, yerli gənclərin köməyi ilə mövcud idman meydançalarında təmizlik işlərinin aparılması məqsədi ilə iməciliklər təşkil olunmuşdur. Hər regiondan layihə çərçivəsində yarışlara 1000 nəfər gənclər və digər vətəndaşlar cəlb olunmuşdur.
Layihə çərçivəsində ilk dəfə nəşr olunan “Mən idmanı seçirəm” adlı jurnal iştirakçılar arasında paylanılmışdır. İdman, zərərli vərdişlər barədə məlumatların öz əksini tapdığı jurnal layihə iştirakçılarının marağına səbəb olmuşdur.