CƏMİYYƏT
Mingəçevirdə sağlamlıq imkanları məhdud uşaqlar üçün İcma əsaslı sosial inkişaf və inklüziya mərkəzi yaradılacaq
Bakı, 12 sentyabr, AZƏRTAC
“Ailələrə Sosial Dayaq” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Mingəçevir şəhərində icma əsaslı sosial inkişaf və inklüziya mərkəzinin fəaliyyətinin təşkili” adlı layihə həyata keçirir.
AZƏRTAC xəbər verir ki, layihənin məqsədi sağlamlıq imkanları məhdud uşaqların öz həmyaşıdları ilə birgə icma əsaslı sosial inkişaf və inklüziya mərkəzinin fəaliyyətinin təşkili, onlara sosial xidmətin göstərilməsinə könüllülərin cəlb edilməsi, həmin sahədə regionlarda fəaliyyət göstərən şəxslərin sosial iş sahəsində bilik və bacarıqlarının artırılması, sosial qanunvericiliklə bağlı sağlamlıq imkanları məhdud uşaqların valideynlərinin maarifləndirilməsi, regionlarda fəaliyyət göstərən sosial işlə əlaqədar qeyri-hökumət təşkilatlarının fəaliyyətinin gücləndirilməsindən ibarətdir.
Layihə çərçivəsində sentyabrın 20-də “Sağlamlıq imkanları məhdud uşaqlara sosial xidmət göstərilməsinin forma və mərhələləri” mövzusunda tədbir keçirilməsi və həmin tədbirdə mərkəzə cəlb edilmiş sağlamlıq imkanları məhdud uşaqlarin valideynlərinin, uşaqlarla işləyən könüllülər və sosial sahədə çalışanların iştirakı nəzərdə tutulur.