ELM VƏ TƏHSİL
Mingəçevirdə uşaq bağçalarının ərzaqla təminatı yaxşılaşmışdır
Mingəçevir, 29 dekabr (AZƏRTAC). Mingəçevir Şəhər İcra Hakimiyyətinin rəhbərliyi KİV nümayəndələrinin iştirakı ilə uşaq bağçalarında reyd keçirmişdir.
AZƏRTAC xəbər verir ki, icra hakimiyyətinin tabeliyində olan məktəbəqədər tərbiyə müəssisələrinin ərzaqla təminatı vəziyyətini yerində öyrənmək məqsədi ilə keçirilən reyd zamanı əvvəlcə uşaq bağçalarını ərzaqla təmin edən “İaşəçi” MMC-nin anbarı ilə tanışlıq olmuşdur. Müəssisənin direktoru Vahid Əsgərov məlumat vermişdir ki, anbara qəbul olunan bütün malların sertifikatı var, tez xarab olan məhsullar soyuducuda saxlanılır. Kənd təsərrüfatı məhsulları bazardan, süd isə fermer təsərrüfatlarından alınır. Bu günədək məhsullardan heç bir şikayət olmamışdır.
Bağçalara kartof, kələm, soğan ayda 2 dəfə, süd məhsulları isə hər gün verilir. Bağçaların ət və çörəklə təchizatı iki müəssisə tərəfindən həyata keçirilir. Şəhər bağçalarına ayda 3 dəfə ət verilir. Bağçalarda keçirilən görüş zamanı məlum olmuşdur ki, müəssisələri ət və digər zəruri ərzaq məhsulları ilə hər gün təchiz etmək mümkün deyildir. Çünki normativə görə, hər uşağa bir gün üçün cəmi 98 qəpik vəsait ayrılır, əvvəllər isə bu rəqəm 39 qəpik idi.
Şəhərin 3 nömrəli “Gülüstan”, 17 nömrəli “Fidan” və 16 nömrəli “Aynur” körpələr evi-uşaq bağçasına ümumi baxış zamanı orada nümunəvi şəraitin olduğu müəyyən edilmişdir. Həmin uşaq bağçalarında yemək və yataq yerləri, digər otaqlar mərkəzləşdirilmiş istilik sistemi ilə təmin olunmuşdur. Reydin yekunları barədə KİV nümayəndələrinə məlumat verən Mingəçevir Şəhər İcra Hakimiyyəti başçısının müavini Ramiz Əliyev bağçalarda sanitar normaların yerinə yetirilməməsi və mənşəyi məlum olmayan ərzaqlardan istifadə edilməsi barədə fikirlərin həqiqətə uyğun olmadığını bildirərək demişdir: “KİV nümayəndələri də şahid oldular ki, bütün məhsulların sertifikatı var. Sanitar qaydalara ciddi əməl olunur. Mingəçevirdə uşaq bağçalarının ərzaqla təminatı yaxşılaşmışdır”. Ramiz Əliyev onu da bildirmişdir ki, 2013-cü ildə 3 uşaq bağça əsaslı təmir olunmuş, 2014-cü ildə isə daha 4 uşaq bağçası əsaslı təmirə saxlanacaqdır.