SİYASƏT
Minskdə MDB ekspertləri cinayətkarlığa qarşı mübarizə sahəsində qarşılıqlı fəaliyyəti reqlamentləşdirən sənədin layihəsi üzərində işi davam etdirirlər
Bakı, 5 iyun (AZƏRTAC). İyunun 6-7-də Minskdə MDB İcraiyyə Komitəsində cinayət işləri üzrə maddi sübut olan narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının , odlu silah, hərbi sursat, partlayıcı maddə və partlayıcı qurğuların Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlərin səlahiyyətli orqanları tərəfindən təhvil verilməsi mexanizmi haqqında Protokolun layihəsinin razılaşdırılmasına dair ekspert qrupunun iclası keçiriləcəkdir.
Sənədə görə, ölkələr cinayət işinin materialları ilə birlikdə cinayət işləri üzrə maddi sübut olan narkotik vasitələri və silahı sonrakı araşdırma üçün öz səlahiyyətli orqanları vasitəsilə bir-bir təhvil verəcəklər. Belə mübadilə tərəflərin səlahiyyətli orqanları arasında sorğular əsasında həyata keçiriləcəkdir.
Səlahiyyətli orqanların Protokol çərçivəsində təhvil verdikləri maddi sübutlar, cinayət işlərinə dair hüquqi yardımın göstərilməsi haqqında tapşırıqların icrası gedişatında əldə olunmuş prosessual sənədlər elə bir hüquqi qüvvəyə malik olacaqdır ki, sanki onlar milli qanunvericiliyin tələblərinə tam müvafiq şəkildə həmin ərazidə əldə edilmişdir.
AZƏRTAC MDB İcraiyyə Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ekspertlər tərəfindən qəti şəkildə təsdiq edildikdən sonra Protokolun layihəsi müəyyən olunmuş qaydada nəzərdən keçirilməsi üçün MDB Dövlət Başçıları Şurasına təqdim ediləcəkdir.