SİYASƏT
MİNSKDƏ MDB ÜZVÜ OLAN ÖLKƏLƏRİN DÖVLƏT İNFORMASİYA AGENTLİKLƏRİNİN RƏHBƏRLƏRİ ŞURASININ X İCLASI KEÇİRİLƏCƏKDİR
Minsk, 21 noyabr (AZƏRTAC). BELTA agentliyi MDB İcraiyyə Komitəsinin informasiya-təhlil departamentinə istinadla xəbər verir ki, Birlik üzvü olan ölkələrin Dövlət İnformasiya Agentliklərinin Rəhbərləri Şurasının X iclasında dövlət informasiya agentlikləri üçün jurnalist kadrlarının hazırlanmasına dair təkliflər müzakirə ediləcəkdir. Noyabrın 23-24-də Minskdə keçiriləcək iclasda AZƏRTAC, İTAR-TASS, BELTA, Kazinform, Ukrinform (qonaq qismində) və digər informasiya agentliklərinin rəhbərləri və nümayəndələri iştirak edəcəklər.
İclas iştirakçıları Belarus Dövlət Universitetinin Jurnalistika İnsititutuna gedəcək, orada jurnalist kadrlarının hazırlanması prosesi ilə tanış olacaq, institutun tələbələri və müəllimləri ilə görüşəcəklər.
İnformasiya agentliklərinin rəhbərləri Böyük Vətən müharibəsində Qələbənin 65 illiyinə həsr edilmiş tədbirləri, o cümlədən 2010-cu ildə MDB-nin birgə fotomüsabiqəsinin keçirilməsi planını, təqvim nəşrinə hazırlıq, BELTA-nın İnternet səhifəsində Böyük Qələbənin 65 illik bayramına həsr edilmiş birgə veb-layihənin həyata keçirilməsi məsələlərini də müzakirə etmək niyyətindədirlər.
İclasın gündəliyinə Dünya Rus Mətbuatı Assosiasiyasının 2010-cu ildə İsraildə keçiriləcək konqresində MDB üzvü olan ölkələrin dövlət informasiya agentliklərinin iştirakı, gələn il fotomüsabiqələr keçirilməsi, Milli Xəbər Agentlikləri Assosiasiyasının informasiya xidmətlərindən sərbəst istifadə imkanının təşkil edilməsi ilə əlaqədar məsələlər də daxildir.
Xatırladaq ki, MDB İnformasiya Şurası 1995-ci ildə təşkil edilmişdir. Şuranın yaradılması haqqında Sazişi MDB-nin üzvü olan 9 dövlət, o cümlədən Azərbaycan imzalamışdır. İnformasiya Şurası MDB informasiya məkanının formalaşması konsepsiyasının, Birlik üzvü olan dövlətlərin milli informasiya agentliklərinin materiallar mübadiləsi haqqında Sazişin, təbii və texnogen xarakterli fövqəladə hallara dair informasiya mübadiləsi haqqında Sazişin, MDB üzvü olan dövlətin kütləvi informasiya vasitələrini Birliyin digər ölkələrində təmsil edən müxbirin statusu haqqında Konvensiyanın MDB ali orqanları tərəfindən qəbul edilməsi təşəbbüsü ilə çıxış etmişdir.
MDB İnformasiya Şurasının sədri İTAR-TASS agentliyinin baş direktoru Vitali İqnatenkodur.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Mİnsk