DÜNYA
Minskdə Novruz bayramını qeyd edirlər
Bakı, 26 mart (AZƏRTAC). Belarus Respublikasındakı “Azərbaycan İcmaları Konqresi” Beynəlxalq İctimai Birliyi Novruz bayramına həsr edilmiş bayram şənliyi keçirmişdir. Tədbir Minskdəki “Aura” restoranında təşkil edilmişdir.
Tədbirin qonaqları arasında Azərbaycan Respublikasının Belarus Respublikasındakı diplomatik korpusunun nümayəndələri, Minskdəki ali məktəblərin rəhbərləri, elm və mədəniyyət nümayəndələri vardı.
“Azərbaycan İcmalarının Konqresi”nin sədri Natiq Bağırov tədbirə toplaşanlara Novruz bayramı günlərində bütün Azərbaycanda hökm sürən bayram ab-havası haqqında, həmçinin öz tarixi Vətənindən uzaqda yaşayan azərbaycanlıların olduqları ölkələrdə yaratmağa çalışdığı bayram atmosferi haqqında danışmışdır. Azərbaycanın Belarus Respublikasında səfiri İsfəndiyar Vahabzadə öz çıxışında bu bayramın əhəmiyyətini və onun Azərbaycan xalqının həyatında dəyərini vurğulayaraq qeyd etmişdir ki, Novruz türk xalqlarının ən sevimli və kütləvi bayramlarından biridir.
Maksim Tank adına Belarus Dövlət Universiteti yanında Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri Eleonora Huseynova bayram şənliyinə toplaşanları təbrik etmiş, hamıya sülh və əmin-amanlıq arzulamışdır.
Bayram şənliyi “Azərbaycan İcmaları Konqresi”nin gənclər bölməsi tərəfindən təşkil edilmiş konsert proqramı ilə davam etmişdir. Qonaqlar Azərbaycan milli mətbəxinin ləziz yeməklərini dadmışlar.